Ötən gün Mərkəzi Bankın (AMB) qərarı ilə lisenziyası ləğv edilən "Muğan Bank" ASC-yə məxsus bankomatların gələcək aqibəti məlum olub.
Bank məsələləri üzrə ekpert Əkrəm Həsənov İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, həmin bankomatlar artıq işləmir.
O vurğulayıb ki, bankomatlar bankın əmlakı hesab olunur: "Bundan sonra o bankomatlar ya satıla, ya da digər banklar tərəfindən alına bilər. Yəni bütün hallarda bankomatlara görə ödəniş edilməlidir".
Ekspert həmçinin "Muğanbank"ın fəaliyyəti dövründə ən problemli bank olduğunu və müştərilər qarşısında öz öhdəliklərini yerinə yetirə bilmədiyini bildirib. O, bu bankın hələ çoxdan bağlanmalı olduğunu söyləyib. Ə.Həsənov deyib ki, sadəcə olaraq Mərkəzi Bank uzun müddət bu banka vəziyyətini düzəldə bilməsi üçün şərait yaradıb.
Bank sektorundakı ümumi vəziyyəti şərh edən ekspertin sözlərinə görə, ölkədə hələ də problemli banklar mövcuddur: "Əgər bu banklar öz öhdəliklərini yerinə yetirə və Mərkəzi Bankın tələblərinə əməl edə bilməsələr bağlanmaq ehtimalları var. Ola bilər ki, səhmdarlar əlavə vəsait hesabına vəziyyətdən çıxa bilsinlər".
Xatırladaq ki, "Muğan Bank" ASC-yə məxsus bankomatlar oktyabrın 17-dən etibarən fəaliyyətini dayandırıb və pul vəsaitini bu bankomatlar vasitəsilə nağdlaşdırmaq mümkün deyil.
Qeyd edək ki, “Muğan Bank” ASC Əmanətlərin Sığortalanması Fonduna (Fond) üzv bankdır və əhalinin bu bankda sığortalanmış əmanətləri üzrə kompensasiyalar Fond tərəfindən qanunvericiliyə müvafiq qaydada ödəniləcək. Bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaq.