Ramiz Mehdiyevin bankları bağlanır? – Biri də ləğv olundu

 

Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə “Muğanbank” ASC-nin lisenziyası ləğv olundu.

Buna səbəb kimi bankın məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olması, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən aşağı olması, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyi, habelə bankın daxili idarəetmə və nəzarət prosedurlarının adekvat olmaması göstərilib.

“Muğanbank” ASC-nin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ailə üzvlərinə (Elmir Maqbet oğlu Mehdiyev - 67,74%, Vəfa Əhməd qızı Vəliyevaya - 10,65% və Fəridə Cahandar qızı Mehdiyevaya 10,03%) məxsus olduğu deyilir. Daha sonra isə bankın payının böyük hissəsi Odlar Yurdu Universitetinin rektoru, sabiq deputat Əhməd Vəliyevin oğulları - Samir və Munir Vəliyevlərə ötürüldü, Vəliyevlərin Bankdakı payı 10,65%-dən 88,33%-ə, Mehdiyevlərin payı isə 89,35%-dən 11,67%-ə dəyişdi.

Qeyd edək ki, “Muğanbank” ASC bir müddət əvvəl cari ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlamlış, zərərlə işlədiyi məlum olmuşdu. Belə ki, bankın sentyabrın 30-na xalis zərəri 1,287 mln manat, yığılmış zərəri 24,938 mln manat olduğu görünür. 

Maraqlıdır ki, Mərkəzi Bank sözügedən bankda kapital adekvatlığı əmsalının 3%-dən aşağı olduğunu desə də, bankın hesabatında tutulmalardan sonra məcmu kapitalının 142,225 mln manat, adekvatlıq əmsalının 21,81% olduğu görünür.

Onu da qeyd edə ki, Mehdiyevlərə bağlı bir digər bank olan “Bank BTB” ASC-nin cəmi kapitalının cari ilin sentyabrın 30-da 50 milyon manatdan aşağı düşməsi (49,222 mln manat) də riskli məqamlardan biridir. Belə ki, bank üçüncü rübü  987 min manat xalis zərərlə başa vurub. Bankın məcmu kapitalı 52,969 mln manat olsa da, adekvatlıq əmsalı “Muğanbank”ın əmsalına yaxın, 20,63% olaraq göstərilib. Mətbuatda tez-tez “Bank BTB” ASC-nin bağlanma riskinin olduğu yazılır.

Xatırladaq ki, “Bank BTB”nin səhmlərinin 74,99%-i Nigar Mehdiyevaya, 19,01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur. Nigar Mehdiyeva Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gəlinidir.

 

 

 

0.15899109840393