“Muğanbank” ASC 2023-cü ilin üçüncü rübünün yekunları üzrə maliyyə hesabatını açıqlayıb.
Demokratikmusavat.com-ın Ölkə.az-a istinadən verdiyi məlumatına görə, sözügedən dövrə bankın cəmi aktivləri 647,971 mln manat təşkil edib. Bu isə ötən ilin üçüncü rübü ilə müqayisədə 12,9% azdır.
Müştərilərə verilmiş kreditlərin həcmi illik müqayisədə 2,7% artaraq 447,416 mln manat təşkil edib.
Bankın depozit portfeli 87,747 mln manat və ya 21,4% azalaraq 322,478 mln manata enib. Bankın cəmi öhdəlikləri isə 22,9% azalaraq cari ilin sentyabrın 30-na 500,892 mln manat təşkil edib.
Nizamnamə kapitalını 55 mln manat və ya 51% artıraraq 162,5 mln manata çatdıran “Muğanbank” ASC-nin yığılmış zərəri 6,7% artaraq 24,938 mln manata, ümumi ehtiyatları 3,8% artaraq 9,517 mln manata çatıb. Nəticədə, bankın cəmi kapitalı illik müqayisədə 56% artaraq 147,079 mln manata yüksəlib.
Cari ilin sentyabrın 30-na bankın xalis faiz gəlirləri 3,322 mln manat, xalis qeyri-faiz xərcləri isə 3,625 mln manat təşkil edib. “Muğanbank” mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 985 min manat ayırıb və nəticədə, 2023-cü ilin üçüncü rübünü 1,287 mln manat xalis zərərlə başa vurub.
Qeyd edək ki, bir müddət əvvəl “Muğanbank” ASC-nin səhmdarı Elmir Mehdiyev öz səhmlərinin 74%-ni, Fəridə Mehdiyeva isə 6%-ni Munir və Samir Vəliyevlərə satıb. Bankın yeni səhmdarları isə Odlar Yurdu Universitetinin rektoru, keçmiş millət vəkili Əhməd Vəliyevin oğullarıdır.
Könül
Ölkə.Az