Luka Skieppati: “TAP-ın gücünün ikiqat artırılması üzrə işlər çox vaxt aparmayacaq”

 

Trans-Adriatik Boru Kəməri (TAP) ilə kommersiya fəaliyyətinə başladığı vaxtdan Avropaya 28 milyard kubmetrdən çox Azərbaycan qazı nəql edilib ki, bunun da 23,5 milyard kubmetrdən çoxu İtaliyaya ixrac edilib.

"Ölkə.az" xəbər verir ki, bunu “TAP AG” konsorsiumunun idarəedici direktoru Luka Skieppati RCS Akademiyasının “Green & Blue Talk” layihəsi çərçivəsində baş tutan “Xalis Sıfıra keçid - İnnovativ Enerji” adlı debatda çıxışı zamanı deyib.

“Biz İtaliya bazarını, eləcə də Balkan ölkələrinin, xüsusilə Yunanıstan və Bolqarıstan bazarlarını təmin edirik. İtaliyada son aylarda istehlakda bir qədər azalma müşahidə olunub, lakin İtaliyanın şaxələndirməyə davam etməsi və boru kəmərlərinin və uzunmüddətli müqavilələrin özündə etibarlı həllər təqdim etməsi vacibdir”, - o bildirib.

TAP-ın gücünün iki dəfə artırılmasına gəlincə, L.Skieppati boru xəttinin artıq çəkildiyini və ötürücülük gücünün ikiqat artırılması üzrə işlərin, ən azı İtaliya hissəsində, çox vaxt aparmayacağını söyləyib.

“Bizim 3 məqsədimiz var: nəql imkanlarını və buna müvafiq olaraq qaz tədarükünü artırmaq; qaz turbinlərindən yox, elektrik avadanlıqlarından istifadə etmək və nəhayət, gələcəkdə “yaşıl” molekulları nəql etmək. Ona görə də karbon neytrallığına nail olmaq kimi məqsədimiz də var”, - konsorsiumun idarəedici direktoru əlavə edib.

Xatırladaq ki, Azərbaycan 31 dekabr 2020-ci il tarixində Cənub Qaz Dəhlizinin (CQD) tərkib hissəsi olan TAP vasitəsilə Avropaya kommersiya qazının tədarükünə başlayıb. 25 il müddətinə nəzərdə tutulan tədarüklər Avropa bazarına illik 10 milyard kubmetrdən çox qazın ixracını nəzərdə tutur ki, bunun da 8 milyard kubmetri İtaliyanın, 2 milyard kubmetri isə hərəyə 1 milyard kubmetr olmaqla Yunanıstan və Bolqarıstanın payına düşür. Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniyadan keçməklə Azərbaycandan İtaliyanın cənubuna qədər 3,5 min km məsafədə uzanan CQD inteqrasiya olunmuş boru kəməri sistemidir. Onun ötürmə qabiliyyəti 16 milyard kubmetrdir. CQD-nin əsas xammal mənbəyi ehtiyatı 1,2 trilyon kubmetr olan “Şahdəniz” yatağıdır.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan qaz ixracını 18 % artıraraq 22,3 milyard kubmetrə çatdırıb, Avropaya təchizat 11,4 milyard kubmetr (39 % artım ilə) təşkil edib. 2022-ci ildə TAP vasitəsilə İtaliyaya qaz təchizatı 10,325 milyard kubmetr (43,1 % artım ilə) təşkil edib.

“Eurostat”ın məlumatına görə, 2022-ci ildə Aİ ölkələri - İtaliya, Yunanıstan və Bolqarıstan Azərbaycandan 15,599 milyard avro dəyərində təbii qaz idxal edib (illik müqayisədə 4 dəfə artım). Hesabat dövründə İtaliya Azərbaycandan 13,253 milyard avro dəyərində (3,9 dəfə artım) təbii qaz idxal edib.

2023-cü ildə Azərbaycandan 24,5 milyard kubmetr qaz ixracı planlaşdırılır ki, bunun da təxminən 12-12,5 milyard kubmetri Avropaya göndəriləcək.(Report)

0.24691915512085