Antiterror tədbirləri nəticəsində əldə olunan uğurlar Şərqi Zəngəzurun, xüsusən də Kəlbəcər rayonunun bərpası işinə yeni bir nəfəs verəcək.
"Ölkə.Az" xəbər verir ki, bunu nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov deyib. O bildirib ki, Kəlbəcərin bərpası üçün tikinti materiallarının və digər yüklərin daşınmasında çox ciddi problem var idi:
"Ağır yük avtomobilləri ilə Murov dağını aşmaq çox çətin, bəzən mümkünsüzdür. Laçından keçib Kəlbəcərə getmək də həm kifayət qədər uzaqdır, həm də o istiqamətdə də yollar hələ ki çox sərt aşırımlardan keçir. Amma Kəlbəcərin ən rahat və hələ sovet dövründən yeganə yolu olan Tərtər-Kəlbəcər yolu çox rahatdır və istənilən avtomobillə hərəkət mümkündür. Keçmiş Ağdərə rayonunda az bir ərazinin tam təmizlənməsindən sonra bu yolda hərəkət bərpa olunacaq. Bundan sonra Kəlbəcərə gediş-gəliş və rayonun bərpası sürətlənəcək".
"Eyni zamanada həm tunellər vasitəsilə Gəncə-Kəlbəcər yolunun, həm də Laçın-Kəlbəcər yolunun tikintisi sürətlə davam edir. Şərti olaraq "Şərqi Zəngəzur magistralı" adlandıra bildiyimiz bu yol Araz vadisini Gəncəbasarla birləşdirən gözəl bir yol olacaq, - deyə ekspert əlavə edib.
Könül
Ölkə.Az