Azərbaycan bunu heç zaman unutmayacaq - Prezident

 

“Azərbaycan antiterror tədbriləri həyata keçirdiyi günlərdə Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyasında iştirak edirdi və dünyanın ali kürsüsündən beynəlxalq hüquqa və ədalətə söykənərək Azərbaycan dövlətinin maraqlarını ifadə edən bəyanat  verdi”.

“Ölkə.Az” xəbər verir ki, bunu Prezident İlham Əliyev Naxçıvanda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə bəyanatı zamanı deyib. 

“Bu, Türkiyə tərəfindən Azərbaycana qarşı göstərilən qardaşlıq hərəkətidir. İkinci Qarabağ müharibəsi zamanı da Siz və Türkiyə xalqı Azərbaycanın yanında oldunuz. Azərbaycan bu siyasi və mənəvi dəstəyi unutmur və unutmayacaq. İki il əvvəl Şuşa şəhərində imzalanan müttəfiqlik Bəyannaməsi ölkələrimiz arasındakı münasibətləri yeni müstəviyə qaldırdı və bu gün münasibətlərimiz ən yüksək səviyyədədir”, -Prezident İlham Əliyev qeyd edib.

Dövlət başçısı əlavə edib: “Vaxtı ilə Türkiyədə TANAP xəttinin təmilini qoyduq, indi isə Türkiyədən Naxçıvana İğdır-Naxçıvan qaz xəttini təməlini qoyuruq. Bundan əlavə Qarsdan Naxçıvana dəmir yolunun çəkilməsi ilə bağlı sənəd imzalanıb. Bu mühüm əhəmiyyət kəsb edir. Naxçıvanla Türkiyə dəmir yolunu birləşdirəcək bu yolun Azərbaycan hissəsindəki tikintisi gələn il başa çatacaq.

Hazırda Bakı-Tbilisi-Qars yolunun yükdaşıma qabiliyyətinin imkanlarının artırılması istiqamətində gedən işlər yaxın aylarda bitəcək. Nəticədə yüklərin daşınma həcmi bir milyon tondan 5 milyon tona qaldırılacaq. Bütün bunlar ölkələrimiz arasındakı əlaqələrin nə qədər yaxın olduğunu göstərir.  İki ölkə arasındakı münasibətlərin yaxınlığı regiondakı proseslərə də öz müsbət təsirini göstərir. Əlaqələrin yaxınlığı regionda sülhün, əmin-amanlığın, əməkdaşlığın inkişafına öz töhfəsini verir”.

Mürtəza
Ölkə.Az

0.22427892684937