"Starlink" peykindən hərbi məqsədlər üçün istifadənin qarşısını almaq məqsədilə İlon Mask Krım üzərində peyklərini deaktiv etmişdi. Buna görə, hələ də onun başı qalmaqaldadır, hətta ABŞ senatı indi də bunu müzakirə edir. Lakin 2-ci Qarabağ Savaşında, "Artsax"da 20 il qanunsuz fəaliyyət göstərən "Karabakh Telecom"dan hərbi məqsədlər üçün açıq-aşkar istifadə edilirdi. Hətta bunu tam reallaşdırmaq üçün o zaman Arutunyan bu mobil operatoru tam olaraq sahiblərinin əlindən zorla almış və özəlləşdirmişdi.
İndi sual olunur ki, antiterror əməliyyatları çərçivəsində Karabakh Telecom-un baza stansiyaları vurula bilərmi?
"Ölkə.Az" xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. O bildirib ki, qeyri-qanuni silahlı qruplaşmalar bu mobil rabitə və internet infrastrukturundan qeyri-mülki məqsədlər üçün, hərbi və diversiya məqsədləri üçün açıq-aşkar istifadə etdiklərinə, ümumiyyətlə bu operator beynəlxalq normalara zidd fəaliyyət göstərdiyinə görə onun fəaliyyəti məhdudlaşdırıla bilər və bu, doğru olardı:
"Fikrimcə bu mobil operatorun həm baza stansiyalarının sıradan çıxarılması, yaxud da radioelektron vasitələrlə bu infrastrukturdan hərbi məqsədlə istifadənin indiki anda qarşısının alınması nəinki məntiqli olardı, hətta bu, çox vacib və dərhal icra edilməli bir məsələdir.
Ümid edirəm və inanıram ki, təhlükəsizlik qurumları da bunun fərqindədir", - deyə ekspert əlavə edib.
Könül
Ölkə.Az