Azərbaycanda aviabiletlər ucuzlaşa bilər - AÇIQLAMA

 

Son aylarda bir neçə aşağı büdcəli aviaşirkət Azərbaycan bazarına daxil olub. 

Bir neçə gün öncə Gürcüstanın “Georgian Wings” aviaşirkətinin Bakıya ilk reysi baş tutdu. “IndiGo” (Hindistan), “Aegean Airlines” (Yunanıstan) və “Air Arabia Abu-Dhabi” (BƏƏ) buraya yeni daxil olan aviaşirkətlər siyahısındadır.

Bəs bazarda rəqabətin artması, aviabilet qiymətlərinin aşağı enməsinə səbəb ola bilərmi?

İqtisadçı ekspert Natiq Cəfərli “Ölkə.Az”a açıqlamasında bildirdi ki, Azərbaycanda nə qədər çox aviaşirkət müxtəlif istiqamətlərdə uçuşlar həyata keçirəcəksə, rəqabətli mühit də bir o qədər artacaq:

“Lakin əsas məsələ aviaşirkətlərin hansı qaydalarla fəaliyyət göstərməsidir. Əgər “Azərbaycan Hava Yolları” QSC (AZAL) onların da işinə müdaxilə edib qiymət siyasətində iştirak edəcəksə, bu, gözlənilən nəticəni verməyəcək”. 

Ekspertin sözlərinə görə, bunun üçün AZAL-dan yerüstü xidmətlərin alınmasına ehtiyac var: “Qiymətlərinin formalaşmasında yerüstü xidmətlərin mühüm rola malik olması məlumdur. Çünki bu xidmətə sərf olunmuş xərclər biletin qiymətinə daxil olur”. 

“Yeni aviaşirkətlərin bazara daxil olması müsbət haldır, lakin onların fəaliyyəti üçün yaradılacaq şərait də önəmlidir. Bundan asılı olaraq qiymət enməsi baş verə bilər. Rəqabətli mühit güclənəcəksə, bu zaman aviabilet qiymətlərində nəzərəçarpacaq ucuzlaşmanın şahidi ola bilərik”, - deyə N. Cəfərli əlavə edib.

Könül
Ölkə.Az 

0.16142010688782