Kirayə bazarında qıtlıq: Qiymətlər kəskin artır

 

Hər il avqust ayının sonundan başlayaraq tələbələrin paytaxt Bakı və digər böyük şəhərlərə dönüş etməsi kirayə mənzil bazarında aktivliyi artırır. 

Əmlak sahəsi üzrə ekspert Elnur Fərzəliyev “Demokratikmusavat.coma açıqlamasında bildirdi ki, bu ərəfədə kirayə bazarında ciddi mənzil qıtlığı müşahidə olunur. Bu da qiymət artımlarına yol açır.
Ekspertin fikrincə, köhnə mənzillərin sökülməsi də kirayə mənzil bazarında qıtlıq yaradan səbəblərdən biridir:

“2016-cı ildə Nazirlər Kabinetinin 86 saylı sərəncamı ilə Bakı şəhərində istismar müddətini bitirmiş və qəzalı vəziyyətdə olan binaların sökülməsinə start verilib. Həmin vaxtdan bu yana çox sayda köhnə çoxmənzilli yaşayış binaları sökülüb və mərkəzə yaxın ərazilərdəki fərdi həyət evlərindən ibarət olan yaşayış massivləri sökülüb. Həmin bina və fərdi evlərdə ucuz kirayə mənzillər daha çox olurdu. Söküntü baş verən binalarda və yaşayış massivlərindəki kirayə mənzillər kirayə bazarından çıxmış olur. Əlavə olaraq həmin binalarda yaşayan sakinlər onlara yeni binalardan mənzillər tikilib verilən günə qədər məcburən kirayəyə çıxmalı olurlar. Bu proses də təqribən 2-3 il çəkir. Nəticədə, mənzillərin bir hissəsi yerli sakinlər tərəfindən uzunmüddətli kirayələnir. Tələbələr Bakı şəhərinə gəldikdə ucuz kirayə mənzil tapmaqda çətinlik çəkirlər”. 

Kirayə mənzillərin böyük hissəsinin yeni tikili binalarda olduğunu deyən ekspert həmin mənzillərdə kirayə qiymətlərin yüksək olmasına da diqqət çəkib: “Yeni tikili binalardakı aylıq kirayə haqları ilə köhnə binalardakı haqlar arasında 2 dəfəyə yaxın fərq var. Əgər köhnə tikili binalarda bir otaqlı mənzil 300-350 manata olursa, bu, yeni tikili binalarda təqribi 500 manat ətrafındadır. 2 və 3 otaqlı mənzillərdə də qiymətlər artan xətt üzrə davam edir”. 

“2-3 il əvvəl bir otaqlı köhnə mənzili 300 manata, iki otaqlı mənzili 400 manata, üç otaqlı mənzili 500 manata kirayələmək olurdusa, indi bir otaqlı mənzil 400 manat, iki otaqlı mənzillər 500 manat, üç otaqlı mənzillər 600 manat hədlərində təklif olunur. Yeni tikili binalarda isə qiymətlər daha yüksək, köhnə binalarla müqayisədə 2 dəfə bahadır”, - deyə E. Fərzəliyev əlavə edib.

Könül
Demokratikmusavat.com   

 

 

0.15504884719849