Cənubi Afrikada keçirilən 15-ci BRİKS sammiti başa çatdı - Nələr müzakirə olundu?

 

Cənubi Afrika Respublikasının ev sahibliyi ilə 22-24 avqust tarixlərində Yohannesburqda keçirilən 15-ci BRİKS Sammiti başa çatıb.

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, zirvə Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikadan ibarət BRİKS ölkələri qrupunun yeni üzvlərin qəbulu qərarı baxımından tarixi zirvə kimi gündəmə gəlib.

Yohannesburqda keçirilən sammitin ilk 2 günündə BRİKS ölkələrinin liderləri mövcud müraciətləri və üzvlük kriteriyalarını müzakirə edib. Liderlər Argentina, BƏƏ, Efiopiya, İran, Misir və Səudiyyə Ərəbistanı kimi 6 ölkəni dəvət etmək qərarına gəliblər.

2024-cü il yanvarın 1-dən icmaya yeni üzvlər qoşulacaq və BRİKS üzvlərinin sayı 11-ə yüksələcək.

Sammitin digər mühüm gündəm bəndi BRİKS-in ortaq valyutası olub. ABŞ dollarının hegemonluğunu qırmaq istəyən Çinin irəli sürdüyü ortaq valyuta ideyası Rusiya tərəfindən dəstəklənsə də, Cənubi Afrika kimi nisbətən kiçik iqtisadiyyatı və əhalisi olan ölkələr tərəfindən qəbul edilməyib.

Bunun əvəzinə üzvlər arasında yerli valyutalarla ticarət ideyası üstünlük təşkil edib. Sammitdə diqqət çəkən məqamlardan biri üzvlər arasında yerli valyutalarda sürətli, təhlükəsiz və ucuz pul axınını təmin edəcək maliyyə sisteminə ehtiyac olub.

“Qarşılıqlı sürətli inkişaf, davamlı inkişaf və inklüziv çoxtərəflilik üçün tərəfdaşlıq” mövzusu ilə təşkil edilən sammitə ev sahibi ölkə Cənubi Afrika 53-ü Afrika ölkəsi olmaqla 70-ə yaxın ölkəni dəvət edib.

Sammitin bağlanış proqramında Çin sədri Si Cinpin və Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa Seneqal, Zambiya, Burundi, Komor adaları, Konqo Respublikası, Cibuti, Namibiya, Liviya və Çad liderləri ilə dəyirmi masa görüşündə görüşüblər.

Qeyd edək ki, indiyədək 22 ölkə BRİKS-ə üzv olmaq üçün rəsmi müraciət edib. Bir sıra ölkələr də qeyri-rəsmi olaraq BRİKS-ə üzv olmaqda maraqlı olduqlarını nümayiş etdiriblər.

Geniş coğrafiyadan üzvlərin cəlb edilməsi ilə genişlənən BRİKS birliyinin gələcəkdə qlobal sistemin daha güclü bir aktoru kimi ön plana çıxacağı gözlənilir.

Günay

0.17244410514832