Muğanlı-İsmayıllı-Qəbələ yolunda davam edən təmir işləri bu yolla hərəkət edənlər üçün çətinliklər yaradır. Mənzil başına gec çatma, avtomobillərin sıradan çıxması, toz-duman sürücülərin ən çox şikayət etdiyi məsələlərdən biridir.
Yay mövsümündə şimal-qərb rayonlarında istirahət planlayanlar isə alternativ yol ilə hərəkət etməli olurlar.
Nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı “Demokratikmusavat.com ”a açıqlamasında bildirdi ki, həmin istiqamətdə yolların təmiri ilə bağlı sürücülər tez-tez problemlə üzləşir və əziyyət çəkirlər:
“Baxmayaraq ki, Bakı-Şamaxı-İsmayıllı yolu yeni istifadəyə verilib, bir müddət sonra yolda çökmələr yarandı. Bu da müxtəlif qəzalara səbəb oldu, avtomobillərə ziyan dəydi. Həmin yolun tikinisinə illərlə vaxt sərf olunmuşdu. İndi isə əsaslı təmir adı ilə yolu yenidən tikirlər. Bu yanaşma dəyişməlidir. Yol infrastrukturuna səthi yanaşmaq olmaz, çünki minlərlə insanın əziyyət çəkməsinə səbəb olur. Xüsusilə də, yay aylarında turizm mövsümü başlayır, insanlar bölgələrə səfər edir. Həmin ərazilərdəki turizm obyektləri də il boyu yay mövsümünü gözləyirlər. Təmir işlərinin yayda aparılması və yolların hazırkı vəziyyəti hər iki tərəfin narazılığına səbəb olur”.
Ekspertin fikrincə, yol infrastrukturuna yanaşma elə olmalıdır ki, çəkilən yollar 2-3 illik deyil, uzunömürlü olsun. Xarici ölkələrdə velosiped yollarının çəkilməsinə belə xüsusi diqqətlə yanaşılır.
“Yolların təmirinə daha ciddi və planlı şəkildə yanaşılarsa, təmirin mərhələli şəkildə aparılması həyata keçirilərsə, nəticə daha müsbət olar. Şamaxı-İsmayıllı-Qəbələ yolu sürüşməyə meyillidir və yolun çökməsi halları tez-tez yaşanır. Buna görə də, yenilənmiş infrastruktur uzunömürlü olmalıdır”, - deyə E. Muradlı əlavə edib.
Turizm sahəsi üzrə ekspert Ruslan Quliyev isə “Demokratikmusavat.com ”a açıqlamasında dedi ki, yolun vəziyyəti şimal-qərb rayonlarına səfərlərə təsir edir:
“Adətən, yol təmir-tikinti işləri yay aylarında aparılır. Bu da təbii olaraq şimal-qərb rayonlarına səfərlərə müəyyən qədər təsir edir. Lakin insanlar yeni alternativ yollardan istifadə edirlər ki, burada Ağdaş-Yevlax yolunu göstərmək olar”.
“Bunu da nəzərə almaq lazımdır ki, həmin yolun təmirindən sonra sözügedən turizm bölgələri daha əlçatan olacaq”,- deyə ekspert əlavə edib.
Könül
Demokratikmusavat.com