Qayıdışın başlandığı yeni Füzuli şəhəri necə olacaq?

 

Bu gün Qarabağ üçün tarixi günlərdəndir. 30 illik Ermənistan işğalının sona çatmasından sonra ilk dəfə azad Qarabağda məskunlaşmaya start verildi. Daha öncə Şərqi Zəngəzurda - Zəngilan və Laçın rayonlarında vətəndaşlarımızın öz ata-baba yurdlarına qayıtmasına başlanılmışdı.

Demokratikmusavat.com xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, Füzuli şəhərində məskunlaşma Qarabağda Böyük Qaydışın başlanğıcıdır. Bu gün 23 ailə yeni qurulan Füzuli şəhərində mənzil sahibləri oldular. Bu ay bütövlükdə 144 ailənin Füzuli şəhərinə qayıdacağı gözlənilir:

"Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuz 2020-ci ildə Füzuli şəhərini işğaldan azad edən zaman üçrəngli Azərbaycan bayrağını asmaq üçün dağıdılmamış bir tikili belə tapmaq mümkün olmamışdı. Ermənistan işğalı nəticəsində şəhər tamamilə dağıdılaraq xarabalığa çevrilmişdi. Artıq Füzuli şəhəri bərpa edilir və müasir standartlara uyğun olaraq yenidən qurulur. Qarabağın hava qapısı olan Füzuli şəhəri bu gün öz doğma sakinlərini qarşılayaraq yeni mərhələyə qədəm qoyur.

Şəhərdə hazırda 38 binada tikinti-quraşdırma əməliyyatları sürətlə aparılır. Bu ilin sonunadək 800 ailə Füzuli şəhərinə qayıdacaq. Bu ilin sentyabrında 30 ildən sonra ilk dəfə Füzuli şəhərində ilk zəng səslənəcək. Şəhərdə inşa edilən orta məktəb, demək olar, istifadəyə hazırdır. 2040-ci ilədək isə şəhərdə 50 min vətəndaşımızın məskunlaşacağı gözlənilir. 

Yeni şəhər işğaldan əvvəlki şəhər ilə müqayisədə daha geniş əraziyə malik olacaq. Növbəti 20 ildə əhali sayı 1993-cü il ilə müqayisədə 2,5 dəfə artacaq və Füzuli şəhəri hava limanı daxil olmaqla, 1936 hektar əraziyə malik olacaq. 46 kilometr avtomobil yolları olan şəhərdə piyada, velosiped yolları 85 kilometr olacaq". 

"Qarabağ yenidən qurulur və bərpa edilir. Tezliklə Qarabağ Azərbaycan iqtisadiyyatının əsas inkişaf lokomitivinə çevriləcək", - deyə millət vəəkili əlavə edib.

 

 

0.1872820854187