Qazdan yerli istifadə azaldılmalı, ixrac artırılmalıdır - DEPUTAT

 

Bu ilin ilk yarısında Azərbaycanda 18 milyard 177 milyon kub metr mavi qaz hasil edilib. Təbii qazın 29,9%-i ölkə daxilində istehlak edilib, 56,5%-i ixrac olunub, 1,5%-i itkiyə gedib, 12,1%-i isə iyul ayının əvvəlinə ehtiyat kimi saxlanılıb. Ölkə daxilində istehlak edilmiş təbii qazın 59,6%-i istehsal ehtiyaclarına sərf edilib, 40,4%-i isə əhaliyə satılıb.

Demokratikmusavat.com xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramovun sözlərinə görə, mavi qazın istifadəsində diqqəti çəkən əsas məqam daxili istehlakın payının müqayisəli şəkildə çox olmasıdır: "Rəsmi statistikaya əsasən, bu ilin ilk yarısında ölkə daxilində 5 milyard 434 milyon kub metr mavi qaz istehlak olunub. Azərbaycanın yalnız yarım ildə istehlak etdiyi qazın həcmi Serbiyanın illik qaz istehlakından 2 dəfə, Bolqarıstanın illik istehlakından 64%, İsveçrənin illik istehlakından 62%, Norveçin illik istehlakından 17% çoxdur. Göründüyü kimi, Azərbaycanda sadəcə yarım illik qaz istehlakı iqtisadiyyatı bizimlə müqayisədə daha böyük olan bir sıra ölkələrin illik istehlakı ilə müqayisədə daha çoxdur".

Millət vəkili bildirib ki, daxili istehlakın bu qədər çox olması səbəblərinin ayrıca təhlil edilməsinə ehtiyac var: "Təbii ki, burada yaşayış binalarında mərkəzləşdirilmiş istilik sisteminin olmaması kimi obyektiv faktorlar olsa da, başqa səbəblərin də təhlili çox vacibdir".

"Digər tərəfdən, daxili istehlakın azaldılması Azərbaycanın ixrac potensialının artırılmasına səbəb ola bilər. Yəni, daxili istehlak nə qədər minimumlaşarsa, o qədər çox ixrac etmək və ölkəyə daxil olan valyutanın həcmini artımaq imkanımız olacaq. Deməli, real təhlillərə və eləcə də bu sahədə islahatların genişləndirilməsinə ehtiyac var", - deyə V. Bayramov əlavə edib.

Könül
Demokratikmusavat.com

0.15124607086182