Pərviz Cəbrayıl yazır - Cəmil Həsənli

 

Adımız olan adama yazdıqlarım

Cəmil Həsənlinin “Zamanın sınağında” kitabını oxuyub bitirdim.
Asta-asta, tələsmədən, oxunma tempini ləngidib zamanı uzadaraq, hətta gecikdirməyə çalışaraq oxudum.
...Başınıza gəlmiş olar: bəzən yemək o qədər ləzzətli olur ki, yeyib bitirmək istəmirsən, qıymırsan bu ləzzət tez bitsin. İmkanın olsa, heç yeməzsən, ancaq onda da o ləzzətdən məhrum olacaqsan. Biz uşaq olanda səhər yeməyinə yumurta soyutması yeyəndə bacım həyət yumurtasının günəş kimi ləzzətli görünən sarısını ayırıb deyərdi ki, bunu yeməyəcəm, bayrama saxlayacam. Anam dilə tutub yedizdirərdi. Mən də özümü dilə tuta-tua professorun kitabını eləcə bayrama saxlamadan bitirdim.
Buna qədər də müəllimin bir neçə kitabını, məqalələrini oxumuşdum. Hətta bir kitabını əmimdən oxumağa alıb sonra zamanı uzadaraq arxasına keçmişdim. O qədər kitabdan dostalara danışdım ki, birinə verdim, o da əmimin başına gətirdiyimi mənim başıma gətirdi və mən indi onun hansı dost olduğunu unutmuşam. Yaxşı kitab budur! Hamı onu bir-birindən çırpışdırmağa çalışır.
Çox vaxt gənc ziyalılarımız gileylənir ki, bizim xalqdan xalq olmaz, məsələn, bir ara müğənnisini tanıyır, ona sitayiş edir, ancaq tutalım, Lütfi Zadəni tanımır. Kimdi onlar, onların nəyi var? Bircə hüceyrə! Bircə mahnı, bircə diringi, bircə ağlaşma. Bəs Cəmil Həsənli kimdir? Onu tanımaq, böyüklüyünü görmək üçün nə qədər kitabını, monoqrafiyasını, elmi işini, bütün həyat yolunu bilməlisən! Adi bir insanın buna gücü çatarmı? Çatmaz təbii! Cəmil Həsənli təkcə tarixçi deyil, əzizlərim. Cəmil Həsənli özü azman bir tarixdir! O tarixi bilmək, tanımaq üçün gərək özün bir tarixçi alim olasan!
Yazdığı kitab da onu tam açmır. Onun haqqında yazılacaq cild-cild kitablara sadəcə eskiz və qeydlər bağışlayır oxucuya.
Cəmil Həsənli Azərbaycandan, sırf bizim yaşadığımız bu məkandan dünyaya çıxan, mən bildiyim iki alimimizdən biridir. Bildiyim bir Rafiq Əliyev var, bir Cəmil Həsənli. Öpüb təbərrik kimi birini bir gözümüzün, birini o biri gözümüzün üstünə qoymalıyıq.
Amma və lakin və heyhat... Ayağını toza toxunmağa qoymamalı olduğumuz Cəmil müəllimə nələr yaşadıb bu real zaman Azərbaycanı...
Guya avtobioqrafik olan bu kitab əslində heç kitab da deyil, sovet və post-sovet Azərbaycanının ensiklopediyasıdır. Bu kitabdan min kitab çıxar. Alimlər, yazıçılar yazar-yazar, bitməz!
Kitabda iştirakçısı olduğum o qədər məqamlar vardı ki! Baxıram, aha, filan küçəylə parlamentə doğru gedirik, “Moskva” mehmanxanasının danmından atəş açılır, atam “getmə, - demişdi axı, - səni and verirəm, getmə, məndə məlumat var, Mütəllibov atəş açdıracaq xalqa”. Getmişdim, Azadlıq atalardan-analardan böyükdür!
“Əli və Nino”da Cümhuriyyətin süqutunu, Gəncə qiyamını, acı sonu oxuyanda onları bu anda yaşayıb, sanki Cümhuriyyət yenidən, elə bu an gözlərim önündə yıxılırmış kimi ağlamışdım. Sanki sonluğu dəyişmək də olarmış, sadəcə yazıçı amansızlıq etmişdi...
Bu kitabda da yaşadığım İyun qiyamı... O qiyam bu kitabda bir dəfə də baş verdi...
Həmişə dost çevrələrində dediyim bir söz olub: mən heç vaxt bu iki şəxsiyyətə toxunmaram. Biri Cəmil müəllimdir, biri Sabir Rüstəmxanlı. Çox qəribədir ki, Cəmil müəllimin Anarla bağlı yazısına cavabım “Azadlıq”da çıxan günün səhəri VHP-yə getmişdim, Sabir bəyə də bir salam verim, dedim. İlk sözü bu oldu ki, düz etməyibsən, Cəmil müəllim toxunulmayacaq adamdır! Hesab edirəm ki, mənim cavabım da tutarsız deyildi.
“Biz öz atalarımızın bəzi ictimai-siyasi yanlış fikirlərinin üstündən sükutla keçə bilərik, ancaq sizin yox. Şünki biz ictimai-siyasi tərbiyəmizi onlardan yox, sizdən almışıq. Öz verdiniyiniz tərbiyədir bu. Sizə qarşı daha amansız olmalıyıq, nəinki bioloji atalarımıza...” – demişdim.
Hərçənd gözümüzün qarşısında bütün dəyərləri öldürdülər, indi heç həvəs tapıb özünə də bir irad tuta bilmirsən... özünə belə şübhəylə yanaşırsan. Görəsən kiməsə işləyirəm, kiminsə adamı deyiləm? Və s. və i.a. Cəmil müəllim bu şübhələr içində boğularkən yapışa biləcəyimiz tək bir saman çöpüdür desəm, incitmiş olmaram ki?..
Gəl ki, mən o yazıda da Cəmil müəllimdən şikayətlənib, ancaq Anardan yazmışdım. Mötiv yalnız ictimai, ziyalı kimlik idi. Mən gündə bir paqon dəyişən çoxları kimi gah Anara mədhiyə deyib, gah həmin Anarın istedadsız olduğundan, AYB sədrliyindən getməyindən, vəzifədə çox qalmasından yazmamışam, nəyimə lazım, zatən AYB özü gərəksiz bir qurumdur, qoy elə Anar müəllim qalsın orda. O qurumda ondan yaxşısı varmı? O qurum ki, hətta mən özüm orada sədr olsam, Anar müəllimdən fərqli heç nə edə bilmərəm. Məsələ Anarda yox, qurumdadır.
Heç vaxt onun zəif yazıçı olduğunu deməmişəm, çünki ən azı, ən azı, “Dantenin yubileyi” möhtəşəmdir!
Heç vaxt atası haqda acı kəlmə yazmamışam, çünki dərs kitablarımla masamda bərabər yer tutan Füzulinin, Nazim Hikmətin kitablarından ayırmamışam onu. “Qızılgül olmayaydı” – nə boyda həzinlik, nə boyda faciə, nə boyda tövbə...
Hə, Cəmil müəllim hələ də mənim qırmızı cizgim olaraq qalır. Ondan incidiyim məqamlar da olub, lap bərkdən küsmüşəm də, ancaq yenə o cizgi yerindədi.
O yazının ana sualı buydu: olsun, Anar ziyalıdır, ziyalı Anar isə, bəs Cəmil müəllim kimdir? Bu, Cəmil müəllimə verdiyim qiymət idi, yazıya heyrət idi, indi də o, yerində qalır, fəqət bir şey bilirəm, Cəmil müəllim bizim bilmədiyimiz çox şeyi bilir... Və elə bu kitabda da nə qədər bilmədiyimiz şeyləri bizə çatdırıb!
Ancaq bunu da qəbul etməliyik ki, böyük alimlərimizin ədəbi zövqləri etalon deyil, onlar qarşı getmək olar. Fəqət bundan nə alimlərimiz, nə qarşı gedənlər inciməlidir. Hər kəsin öz ədəbi kriteriyaları var. Lev Tolstoy Şekspiri qətiyyən qəbul etmirdi. Bu, nəyi dəyişir ki? İkisi də dağ kimi ədəbiyyatın zirvələrində dayanır. Məhək daşı bizim zövqlərimiz yox, zamandır! Təki elə müzakirə və münaqişə mövzusu Şekspir, Tolstoy, Cəmil Həsənli, Anar olsun. Davanı da yüksək zirvələr uğrunda apararlar!
...Həmişə nəsil bağımıza görə qürurlandığım, fəxr etdiyim Professora uzun ömür, can sağlığı arzu edirəm ki, yeni-yeni əsrləri ilə bizi qürurlandırsın, kamilləşdirsin, öyrətsin, xəbərdar etsin, dünyada başımız uclatsın. Onsuz da Cəmil müəllim artıq Azərbaycanın özüdür və biz gəldi-gedər olsaq da, o əbədidir!
Adımıza sayğılarla...

"Demokratikmusavat.com"

 

0.23306393623352