Fransada 500 nəfər saxlanıldı: Marsel və Lionda atışma və partlayışlar

 

Fransada 17 yaşlı gəncin polis tərəfindən qətlə yetirilməsindən sonra artıq 4 gündür ki, ölkəni şiddətli etiraz dalğası və iğtişaşlar bürüyüb. Aksiyalarda 500-ə yaxın adam saxlanılıb.

Demokratikmusavat.com ” BFMTV-yə istinadən xəbər verir ki, bir gün əvvəl ölkədə bütün “genişmiqyaslı tədbirlər”ə qadağa qoyulmasına baxmayaraq, etirazlar şənbə günü səhərə qədər davam edib, bir neçə şəhərdə iğtişaşlar baş verib.

Sosial mediada Liondakı hadisə yerindən gecələr tüfəngdən atəş açıldığını, etiraz zamanı tonqalların yanında nümayişçilərin atəşfəşanlığı və fişənglərin atılmasını əks etdirən videolar yayılıb.

BFMTV onu da xəbər verir ki, cümə günü axşam Marselin Köhnə Limanında partlayış baş verib, lakin itkilər barədə məlumat verilməyib. Kanal həmçinin Marselin bir gecədə vandalizmə məruz qaldığı bildirilən Alkasar kitabxanasına dəyən ziyanı göstərən video paylaşıb.

Davam edən aksiyalarla əlaqədar olaraq Fransa polisi etirazı yatırmaq üçün cümə günü bütün ölkə ərazisində 45000 polis, xüsusi təyinatlılar, zirehli maşınlar və helikopterlər cəlb edib.

Daxili işlər naziri Cerald Darmanin BFMTV-yə bildirib ki, polis aksiya zamanı 471 nəfəri saxlanılıb. O Paris bölgəsində vəziyyətin nisbətən sakit olduğunu bildirsə də, Marsel və Lionda vəziyyətin gərgin olaraq qaldığını qeyd edib.

Mürtəza
Demokratikmusavat.com

0.13633704185486