“Qarabağ” 2023/2024 mövsümündə tarixində 9-cu dəfə UEFA Çempionlar Liqasında (ÇL) Azərbaycanı təmsil edəcək.
“Report”un məlumatına görə, Ağdam təmsilçisi bununla öz rekordunu yeniləyəcək.
Ümumilikdə 25-ci dəfə Azərbaycan komandası qitənin ən nüfuzlu klub turnirində mübarizə aparacaq. “Qarabağ”dan sonra ÇL-in ən çox iştirakçısı “Neftçi”dir. “Ağ-qaralar” 7 dəfə bu yarışda qüvvəsini sınayıb.
“Kəpəz”, “Şəmkir”, “Bakı” və “İnter” hərəyə iki, “Xəzər Lənkəran” isə bir dəfə Çempionlar Liqasında oynamaq hüququ əldə edib.
Azərbaycan təmsilçiləri 1997/1998 mövsümündən ÇL-də müntəzəm çıxış edirlər. Yalnız 2002/2003 və 2003/2004 mövsümləri istisnadır. Buna səbəb 2001/2002 mövsümündə Azərbaycan çempionatının yarımçıq dayandırılması, növbəti mövsümün isə keçirilməməsidir.
2009/2010 mövsümündən 2018/2019 mövsümünə qədər Azərbaycan klubları turnirin II təsnifat mərhələsindən mübarizəyə qoşulublar.
Azərbaycanın bu yarışdakı ən uğurlu komandası “Qarabağ”dır. Ağdamlılar 2017/2018 mövsümündə qrup mərhələsinə qədər irəliləməyi bacarıblar ki, bu, ən böyük nailiyyətdir. Premyer Liqa iştirakçıları nə ondan əvvəl, nə də sonra qrup üzü görə biliblər. “Qarabağ” cari mövsüm isə pley-offda mübarizəni dayandırmalı olub.
Qeyd edək ki, “Qarabağ” 2023/2024 mövsümündə Çempionlar Liqasına I təsnifat mərhələsindən qoşulacaq.
Azərbaycan klubları Çempionlar Liqasında
“Qarabağ” (8) – 2014/2015 - III təsnifat, 2015/2016 - III təsnifat, 2016/2017 - III təsnifat, 2017/2018 - qrup, 2018/2019 - III təsnifat, 2019/2020 - III təsnifat, 2020/2021 - III təsnifat, 2022/2023 – pley-off
“Neftçi” (7) – 1997/1998 – I təsnifat, 2004/2005 – II təsnifat, 2005/2006 – II təsnifat, 2011/2012 - II təsnifat, 2012/2013 – III təsnifat, 2013/2014 - II təsnifat, 2021/2022 – II təsnifat
“Kəpəz” (2) – 1998/1999 - I təsnifat, 1999/2000 - I təsnifat
“Şəmkir” (2) – 2000/2001 – II təsnifat, 2001/2002 - I təsnifat
“Bakı” (2) – 2006/2007 - I təsnifat, 2009/2010 – III təsnifat
“İnter” (2) – 2008/2009 – II təsnifat, 2010/2011 – II təsnifat
“Xəzər Lənkəran” (1) – 2007/2008 - I təsnifat