Şenol Güneşdən Azərbaycan və Türkiyə çempionatlarının birləşdirilməsilə bağlı AÇIQLAMA

 

Türkiyənin “Beşiktaş” klubunun baş məşqçisi Şenol Güneş Bakıda “Sabah”a qarşı xeyriyyə oyunundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.

Demokratikmusavat.com xəbər verir ki, mütəxəssis 3:3 hesabı ilə bitən xeyriyyə oyununu şərh edərkən deyib:

“Dostluq oyunu üçün Bakıda idik. “Sabah” klubuna və azarkeşlərə, Azərbaycan xalqına təşəkkür edirik. Dostluq oyunu oldu. Hər iki tərəf açıq oynadı. Heç-heçə dostluğu ifadə etdi. Burada olduğumuz üçün xoşbəxtik. Hamıya şans verdik. Ən vacibi sevgi görmək idi”.

70 yaşlı mütəxəssis əlavə edib: “Bir millət, iki dövlət anlayışı yenə ifadə olundu. Gözəl futbol göstərmək istəyirdik. Burada bir final matçı və ya Super Kubok oyunu keçirmək olar. Futbol baxımından da “Qarabağ”ın, “Sabah”ın Avropada uğur qazanacağını düşünürəm. “Sabah” gənc klub olsa da, Avropada eyni şeyi gözləyirik. Orada yarışmaq asan deyil. Zəlzələ yaralarını unutmamaq üçün yaxşı mesaj oldu. Maddi olaraq da fayda verdi. Bunun davamını gözləyirəm. Daha əvvəl söz verdiyimizi indi edə bildik. Oyunda həyəcan var idi. Hesabda geri düşdük, önə keçdik, yekun hesab da dostluğu əks etdirdi. Bütün Azərbaycan komandalarına uğurlar arzulayıram. Hər kəsə təşəkkür edirəm”.

Ş.Güneş “Sabah”da və Azərbaycan futbolunda bəyəndiyi futbolçuların adını açıqlamağı lazım bilməyib: “Bu gün oyuna o, gözlə baxmırdıq. Dostluq oyunu idi. Epizodlar çox idi. Əsas bunu düşünürdük. Hər iki komandada yaxşı oynayanlar var idi. Bir oyunçunu önə çəkmək düzgün deyil. Aramızda dialoq var. Qurban Qurbanovla, Murad Musayevlə tanışlığımız var”.
O, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun “Qalatasaray”la matçdan sonra Azərbaycan və Türkiyə çempionatlarının birləşdirilməsilə bağlı səsləndirdiyi ideyanı mümkün hesab etmədiyini deyib: “Bu, mümkün deyil. FİFA da icazə verməz. “Qarabağ”ı izləyirəm. “Çelsi” ilə oyunlarına gəlmişdim. “Sabah” da eyni şeyi etmək istəyir. İnşallah, Avropada qarşılaşarıq”.(Oxu.az)

0.18931889533997