Azərbaycan millisinin futbolçusu Renat Dadaşov İsveçrədə qalmaqal yaradıb.
“Qrasshoppers”in formasını geyinən hücumçu ölkə çempionatının XXX turunda “Yanq Boyz”la görüşdə komanda yoldaşı ilə mübahisə edib.
Hadisə 78-ci dəqiqədə, Sürix təmsilçisi penalti vurmaq hüququ qazanarkən baş verib. Renat 11 metrlik cərimə zərbəsini yerinə yetirmək istəsə də, komandanın kapitanı Dminik Şmid buna imkan verməyib. O, topu Azərbaycan millisinin üzvündən alaraq, Petar Puşiçə verib. Dadaşov uzun müddət komanda yoldaşına sərt şəkildə etirazını bildirib.
Puşiç zərbəni dəqiq yerinə yetirib və Sürix klubunun 4:1 hesablı qələbəsini rəsmiləşdirib.
Matçdan sonra mətbuat konfransında “Qrasshoppers”in baş məşqçisi Corcio Kontini hadisəyə münasibət bildirib:
“Bu, məni əsəbiləşdirdi. Belə şeylər xoş deyil. Futbolçular məsələni öz aralarında həll etdilər”.
Petar Puşiç isə mübahisənin səbəbini belə izah edib: “Anlaşılmazlıq oldu. Adətən, əvvəldən oynayanda Renat vurur. Belə olmadığına görə siyahıda birinci mən idim. Qoldan dərhal sonra anlaşılmazlığı aradan qaldırdıq”.
Renat bu mövsüm İsveçrə Super Liqasında 8 qol vurub. Komanda hazırda 40 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.//oxu.az