“Beşiktaş”la xeyriyyə matçının keçirilməsi hələ ki, gündəmdədir”.
"Demokratikmusavat.com" xəbər verir ki, bu barədə “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov deyib.
Əslində təxminən 2 həftə əvvəl bu barədə məlumat vermişdik. Ancaq məsələ ilə bağlı davam edən sükut və “qara qartallar”ın təmsilçimizlə oynamaqdan imtina etməsi ilə bağlı yayılan iddialar bizi yenidən mövzuya qaytarmış oldu.
Həmidov iddiaların yalan olduğunu bildirib.
Danışıqların isə yekunlaşmamasını ortaq uyğun vaxtın hələ də tapılmaması ilə bağlı olduğunu dilə gətirib:
“Danışıqlar davam edir. Əsas məsələ hər iki komanda üçün uyğun vaxtın müəyyən edilməsidir. Bu məsələ ilə bağlı hər hansı yenilik olsa, ictimaiyyətə ətraflı məlumat veriləcək”.
Onu da qeyd edək ki, “Sabah”la qarşılaşmaq üçün uyğun vaxt tapa bilməyən İstanbul təmsilçisi İspaniya “Atletiko”su ilə xeyriyyə oyunu üçün uyğun gün tapıb. Bu barədə “qara qartallar”ın mətbuat xidməti məlumat yayıb.
Oyun 12 aprel tarixində, Bakı vaxtilə saat 20:30-da “Vodafone Park”da baş tutacaq.
Xatırladaq ki, Türkiyədə başvermiş dəhşətli zəlzələdə zərər çəkənlərə yardım məqsədi ilə ötən ay “Qarabağ”la “Qalatasaray” arasında Bakıda yoxlama görüşü baş tutmuşdu.
Eyni məqsədlə “Beşiktaş” və “Sabah” komandaları arasında matçın keçirilməsi də planlaşdırılırdı.(Sportinfo.az)