Türkiyədə 12 yaşadək futbolçular arasında keçiriləcək “İzmir Cup” beynəlxalq futbol turnirinin püşkü atılıb.
Turnirin rəsmi saytının yaydığı məlumata görə, Azərbaycan təmsilçiləri - “Neftçi” və “Qarabağ”ın azyaşlı komandalarının da rəqibləri müəyyənləşib.
Ağdam klubu Niderlandın “Ayaks”, Türkiyənin “Başakşehir”, “Bursaspor”, “Manisa”, “Altınordu” seçməsi, Almaniyanın “Ayntraxt”, Portuqaliyanın “Portu” və Serbiyanın “Srvena Zvezda” klubları ilə birgə E qrupunda yarışacaq.
“Ağ-qaralar” isə H qrupunda Türkiyənin “Beşiktaş”, “Giresunspor”, İzmir şəhərinin çempionu, İtaliyanın “Yuventus”, Almaniyanın “Şalke”, Fransanın “Mets”, Belçikanın “Vesterlo” və Rusiyanın “Zenit” klubları ilə mübarizə aparacaq.
“İzmir Cup” aprelin 6-dan 9-dək Türkiyənin İzmir şəhərində keçiriləcək.