“Ciddi məlumatlar var, hamımız ayıq-sayıq olmalıyıq” – İran casuslarına qaşı əməliyyatlar haqda 

 

Azərbaycanın hüquq-mühafizə və xüsusi xidmət orqanları xarici ölkələrin, xüsusən də İranın casus şəbəkəsinə qarşı əməliyyatlara başladığı və artıq bir neçə nəfərin saxlandığı barədə məlumatlar da var. 

Həyata keçirilən əməliyyatla bağlı “Demokratikmusavat.com ”a açıqlama verən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi üzvü Arzu Nağıyev deyib ki, Azərbaycanın hüquq-mühafizə və xüsusi xidmət orqanları ümumiyyətlə ölkənin təhlükəsizliyinə təhdid yaradan proseslərin qarşısını almaq gücündədir. 

“O baxımdan ölkədəki əməliyyat şəraiti tam nəzarət altındadır. Bu istiqamətdə əməliyyatlar aparılıb, aparılır və bundan sonra da aparılacaq. Tehrandakı məlum hadisədən sonra hüquq-mühafizə orqanları ümumiyyətlə gücləndirilmiş iş rejiminə keçib”, - o qeyd edib.

Deputat əlavə edib ki, bu məsələdə Azərbaycan vətəndaşları da ayıq-sayıq olmalı və hüquq-mühafizə orqanlarına yaxından kömək etməlidirlər. 

Deputat Müşfiq Məmmədov da deyib ki, hüquq-mühafizə və xüsusi xidmət orqanları ölkənin təhlükəsizliyinin təmin olunması istiqamətində keşiyində durublar və ayıq-sayıqdırlar: “Azərbaycanın hüquq-mühafizə və xüsusi xidmət orqanları ölkəmizin təhlükəsizliyinə təhdid yaradan bütün daxili və xarici qüvvələrin zərərsizləşdirilməsi istiqamətində davamlı olaraq tədbirlər görüb, əməliyyatlar keçirib həmin qüvvələr zərərsizləşdirilib. Belə əməliyyatların Tehrandakı məlum terror hadisəsindən sonra yenidən gündəmə gəlməsi də labüddür. Əgər hüquq-mühafizə orqanları İranın casus şəbəkəsinin zərərsizləşdirilməsi istiqamətində əməliyyat keçiribsə, deməli, onlarda hansısa ciddi məlumatlar olub və buna uyğun şəkildə əməliyyat keçiriblər.

Ümumiyyətlə, xarici ölkələrin casus şəbəkəsinin nəzarətində olan radikal dini qruplaşmalar və təşkilatları ifşa edib, zərərsizləşdirilməsində hüquq-mühafizə və xüsusi xidmət orqanları ilə yanaşı, müvafiq digər dövlət qurumları və bütövlükdə cəmiyyət birgə işləməlidir. Hamımız diqqətli və ayıq-sayıq olmalıyıq”, - o deyib.

Deputat Asim Mollazadə isə deyib ki, hüquq-mühafizə orqanları ölkənin təhlükəsizliyini təmin etməlidir: “Bu istiqamətdə zəruri işlər həyata keçirilib və bu cür əməliyyatlar davam etdirib üzərlərinə düşən vəzifələri yerinə yetirirlər. Ümumiyyətlə, Azərbaycan qarşı hansısa şəbəkə varsa, onlar aşkar edilib məhv edilməlidir”.

Mürtəza
Demokratikmusavat.com

0.15811991691589