XİN: “ABŞ-ın ATƏT-dəki nümayəndəsinin yalanlara inanmasından təəssüflənirik”

 

Rəsmi Bakı ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsinin (Maykl Karpenter - red) Laçın yolu ilə bağlı yalanlara inanmasından təəssüflənir.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviter hesabında yazıb.

"Çox təəssüf ki, ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi “blokada” və “humanitar vəziyyət” haqqında yalan xəbərlərə aldanıb. Əgər Laçın yolu bağlı olsaydı, oradan heç bir avtomobil keçməzdi. Nə üçün yoldan hər cür qeyri-qanuni fəaliyyət üçün istifadə etmək olar, amma etiraz etmək düzgün deyil?", - Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi əlavə edib.

Bundan əvvəl ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi Maykl Karpenter tviter hesabında yazıb ki, Birləşmiş Ştatlar Laçın yolunun üç həftədən artıqdır ki, bağlanmasından və ciddi humanitar vəziyyətin yaranmasından narahatdır. 

Qeyd edək ki, yanvarın 6-da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətə Rusiya sülhməramlılarına məxsus ümumilikdə 26 avtomobil maneəsiz hərəkət edib ki, bu da həmin ərazinin bağlı olmadığını göstərir.

0.1786150932312