ABŞ Suriyadan çıxmaq məcburiyyətində qalacaq - Türkiyə güclənir

 

Rəsmi Ankara Əsəd rejiminə Suriyanın ərazi bütövlüyünün təmin edilməsini və terrorizmə qarşı ortaq mübarizə təklif edir... Əgər, Suriyada daxili xaos dövrü sona çatarsa, ABŞ-ın bu ölkədə hərbi bazalar saxlaması üçün heç ciddi bəhanə qalmayacaq...

Türkiyə diplomatiyası son dövrlərdə xüsusi fəallıq göstərməklə diqqəti çəkir. Rəsmi Ankara Türkiyənin milli təhlükəsizlik maraqlarının təmin edilməsi istiqamətində olduqca ciddi addımlar atır. Və hazırda Türkiyənin əsas hədəfləri sırasında terror təhlükəsindən mühafizə xüsusi yer tutur.

Təbii ki, belə vəziyyətdə rəsmi Ankara üçün Suriyada mövcud olan terror məkanlarının zərərsizləşdirilməsi əsas vacib problemlərin sırasına daxildir. Çünki Türkiyənin milli təhlükəsizlik maraqlarını təhdid edən PKK/PYD terror qruplaşması məhz Suriya ərazisində fəaliyyət göstərir. Rəsmi Ankara sərhəd bölgəsində 30 kilometrlik tampon bölgə yaratmaqla, Türkiyəyə qarşı terror təhlükəsini bloklamaq niyyətindədir.

Ancaq bu problemin həlli o qədər də asan məsələ deyil. Çünki PKK/PYD bəzi dövlətlər tərəfindən dəstəklənir. Xüsusilə də, ABŞ-ın özünə regional tərəfdaş elan etdiyi bu terrorçu qruplaşmaya dəstək verdiyi qətiyyən sirr deyil. Hətta Ağ Ev Türkiyənin Suriya ərazisində bu terror qruplaşmasına qarşı hərbi əməliyyat keçirməsinə siyasi-diplomatik kanallar üzərindən əngəl törətməyə çalışır.

Digər tərəfdən, Rusiya da Türkiyənin Suriyada anti-terror əməliyyatları keçirməsinə müsbət yanaşmır. Çünki hərbi əməliyyatların keçiriləcəyi bölgə Rusiyanın Suriyadakı hərbi bazalarına yaxın ərazidir. Kreml həm də Türkiyənin Suriyada geopolitik üstünlüklər qazana biləcəyindən də narahatdır. Halbuki son vaxtlar Rusiyanın bu məsələyə münasibəti tədricən dəyişməyə başlayıb.

Məsələ ondadır ki, Rusiya Ukraynada "savaş bataqlığı"na düşərək, ciddi şəkildə zəifləyib. Kremldə anlayırlar ki, belə davam edərsə, Rusiya Suriyada bütün mövqelərini tamamilə itirə bilər. Üstəlik, Rusiyanın itirəcəyi mövqelərin məhz ABŞ-ın nəzarəti altına keçmək ehtimalı da olmamış deyil. Ona görə də, Kreml seçim qarşısında qaldığından Rusiyanın Suriyadakı mövqelərinin ABŞ deyil, məhz Türkiyə tərəfindən doldurulmasına daha müsbət yanaşır.

Təbii ki, Ukrayna savaşının yaratdığı yeni situasiya Türkiyənin maraqlarına cavab verir. Rəsmi Ankara bundan maksimum səviyyədə yararlanmaq niyyətində olduğunu da qətiyyən gizlətmir. Üstəlik, Türkiyənin Suriyadakı milli təhlükəsizlik maraqlarının təmin edilməsində Rusiyanın dəstəyini qazanmağa üstünlük verir.

Məsələ ondadır ki, Suriyada mövcud olan Əsəd rejimi ölkədə davam edən vətəndaş müharibəsi şəraitində əsasən Rusiyanın sayəsində ayaqda qala bilib. Ona görə də, Kremlin Əsəd rejiminə təsir imkanları inkaredilməz reallıqdır. Və rəsmi Ankara da məhz bu faktoru Türkiyənin xeyrinə çevirməyə çalışır.

Hər halda, Türkiyənin Əsəd rejimi ilə uzunmüddətli qarşıdurma münasibətlərində olduğunu nəzərə aldıqda, bu, rəsmi Ankara üçün kifayət qədər ciddi məqamdır. Çünki Əsəd rejimi də Türkiyənin Suriyada anti-terror əməliyyatı keçirməsinə kəskin şəkildə etiraz edir. Bu baxımdan, rəsmi Ankaranın əlavə vasitəçiyə ehtiyacı olmamış deyil.

Düzdür, son vaxtlar Türkiyə və Əsəd rejimi arasında xüsusi xidmət servisləri üzərindən ilkin təmaslar qurulub. Qarşıduran tərəflər münasibətlərin normallaşması istiqamətində müəyyən məsləhətləşmələr aparırlar. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya ilə münasibətlərin bərpa oluna biləcəyini artıq rəsmən bəyan edib. Əsəd rejimi isə rəsmi Ankaradan bu istiqamətdə daha konkret addımlar gözlədiyini vurğulayıb. Və bu, o deməkdir ki, siyasi-diplomatik münasibətlərin bərpası ilə bağlı müəyyən imkanlar açılmaq üzrədir.

Maraqlıdır ki, Əsəd rejiminin can atdığı konkret addımlar da artıq atılmağa başlayıb. Türkiyə və Suriya təmsilçiləri arasında Rusiyanın vasitəçiliyi ilə Moskvada görüş də keçirilib. Son on bir il ərzində ilk dəfə reallaşan bu qapalı təmaslarda Türkiyə, Suriya və Rusiyanın müdafiə nazirləri, eləcə də, xüsusi xidmət servislərinin rəhbərləri iştirak ediblər. Və belə anlaşılır ki, iki qonşu ölkə arasında önəmli proses artıq başlayıb.

Təbii ki, hadisələrin belə inkişafı ABŞ və Qərbin maraqları ilə qətiyyən uzlaşmır. Düzdür, Ağ Ev Türkiyə, Suriya və Rusiya arasında üçtərəfli təmaslara açıq şəkildə etiraz etmir. Ancaq Türkiyənin rəsmi dairələri ABŞ-ın bundan məmnun olmadığına qətiyyən şübhə etmirlər. Üstəlik, bu barədə üstüörtülü narazılıq mesajları aldıqlarını da gizlətmirlər. Və bu, hansısa mərhələdə ABŞ-Türkiyə ziddiyyətlərinin daha da dərinləşməsinə səbəb ola bilər.

Rəsmi Ankara hesab edir ki, Ağ Evin uzun müddətdən bəri davam edən Suriya siyasəti region üçün müsbət heç nə vəd etmir. Ona görə də, Suriyada vətəndaş müharibəsinin dayandırılmasına, sülh və sabitlik dövrünün başladılmasına yönəlik cəhdlərin daha da gecikdirilməsi yolverilməzdir. Bu istiqamətdə atıla biləcək ən effektiv addımlar isə yalnız siyasi dialoq şəraitdə mümkündür.

Rəsmi Ankara Əsəd rejiminə Suriyanın ərazi bütövlüyünü tanıdığını və dəstəklədiyini növbəti dəfə bildirib. Eyni zamanda, Türkiyə Suriyada üzünmüddətli sülh dövrünün başlanması və sabitliyin bərpa edilməsi üçün terror təhlükəsinin aradan qaldırılmasının vacibliyini də vurğulayıb. Və siyasi-diplomatik təmasların sonrakı inkişaf istiqamətləri də böyük ölçüdə Əsəd rejiminin rəsmi Ankaranın təklif etdiyi bu modelə münasibətindən asılı olacaq.

Əgər, Əsəd rejimi rəsmi Ankaranın narahat olduğu problemlərə həssas yanaşarsa, müəyyən mərhələdən sonra iki ölkənin liderləri səviyyədə də görüş keçirilə bilər. Belə görüşün keçirilməsi isə Türkiyə və Suriya münasibətlərinin böyük ölçüdə normallaşması anlamı daşıya bilər. Və bu prosesə ABŞ-ın verəcəyi rəsmi reaksiya isə böyük maraq doğurur.

Məsələ ondadır ki, rəsmi Ankara Əsəd rejimi ilə münasibətlərini normallaşdırmağa nail olarsa, ABŞ-ın Suriyadakı mövqelərinə sarsıdıcı zərbə vurulmuş olacaq. Hər halda, iki qonşu ölkənin anlaşması ilk növbədə Suriyada olan terror bölgələrinin aradan qaldırılmasına yol aça bilər. Rəsmi Ankaranın Suriyaya ərazi bütövlüyü təminatı verəcəyi təqdirdə, bu, Əsəd rejiminə də tamamilə sərfəlidir. Yəni, bu, Suriyada daxili xaos dövrünün sona çatmasına geniş imkanlar aça bilər. Və bu halda, ABŞ-ın Suriyada hərbi bazalar saxlaması üçün heç bir ciddi bəhanə qalmayacaq.

0.15133285522461