Paşinyanın "taktika"sı savaşa çağırışdır: Amerikalılar isə Əliyevin tərəddüd etməyəcəyini vurğulayırlar

 

Rəsmi İrəvan Fransa, İran və Hindistana güvənərək, Azərbaycan-Ermənistan yekun sülh sazişindən israrla yayınmağa çalışır, açıq-aşkar alternativ variantı - yeni müharibəni regiona "çağırır"... Mövcud situasiyanın təhlili isə Ermənistanın günahı ucbatından qısamüddətli də olsa, yeni savaşın Cənubi Qafqaza təkrar dönə biləcəyini ehtimal etməyə əsas verir...
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi Cənubi Qafqazda əsas regional problem olaraq, qalmaqdadır. Ötən il ərzində rəsmi Bakı bu istiqamətdə genişmiqyaslı fəaliyyət göstərməklə, diqqəti çəkdi. Hətta 2022-ci ilin sonuna qədər Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalana biləcəyi ilə bağlı kifayət qədər inandırıcı ehtimallar da mövcud idi.

Ancaq Ermənistanın hərbi-siyasi təxribat vərdişləri bu prosesin yekunlaşmasını əngəllədi. Rəsmi İrəvan əvvəlcə Rusiyanın regional sülh prosesinin pozulmasında maraqlı olmasından istifadə etdi. Ardınca isə Kremldən uzaqlaşmağa cəhd göstərərək, Fransanın himayəsi və təlimatları ilə sülh prosesinin arxa plana keçirilməsinə nail oldu. Və ona görə də bundan sonra regionda baş verə biləcək istənilən hərbi-siyasi qarşıdurmaya məhz rəsmi İrəvan məsuliyyət daşıyır.

Maraqlıdır ki, Ermənistan baş naziri Nikol Paşinyanın son açıqlamalarının ümumi məzmunu da rəsmi İrəvanın sülh prosesinin uzadılmasına yönəlik mövqeyində israrlı olacağını biruzə verir. Erməni baş nazir iddia edir ki, 2022-ci ilin sentyabrına qədər Ermənistan öz strateji müttəfiqləri tərəfindən real hərbi təhlükə mühitində təkbaşına buraxılıb. Yəni, Ermənistanın hərbi qarşıdurma şəraitində müttəfiqlər tərəfindən müdafiə olunmadığına eyham vurur.

Təbii ki, erməni baş nazirin bu eyhamlar ilə Rusiyanı hədəfə aldığını anlamaq o qədər də çətin deyil. Çünki rəsmi İrəvan Rusiya ordusunun Ermənistanın maraqları uğrunda Azərbaycanla savaşa girməsi üçün əlindən gələn hər şeyi etdi. Halbuki, Rusiya və Ermənistanın maraqları fərqli məzmun daşıdığından buna nail ola bilmədi.

Ancaq baş nazir Nikol Paşinyanın açıqlamasından belə anlaşılır ki, sentyabr ayından sonra Ermənistan müttəfiqlərlə bağlı problemləri həll olunub. Yəni, erməni baş nazir hesab edir ki, Ermənistan artıq geopolitik proseslərdə təkbaşına deyil. Halbuki, rəsmi İrəvanın Ermənistanın hərbi müttəfiqi Rusiya ilə ziddiyyətləri ilin sonuna doğru daha da dərinləşib. Bu isə o deməkdir ki, erməni baş nazir Rusiyanın deyil, məhz Fransanın Ermənistana hazırda intensiv dəstək verdiyinə işarə edir. Və rəsmi Parisin Azərbaycana qarşı beynəlxalq səviyyədə məkrli davranışları buna örnək sayıla bilər.

Digər tərəfdən, baş nazir Nikol Paşinyan Ermənistan ordusunun yenidən qurulmasının vacibliyini də vurğulayıb. O, bildirib ki, Ermənistana özünü müdafiə etmək üçün güclü ordu lazımdır. Yəni, erməni baş nazir dolayısı ilə demək istəyir ki, rəsmi İrəvanın öz üzərinə götürdüyü öhdəliklərdən yayınmağa, sülh prosesini pozmağa çalışdığı bir situasiyada Ermənistanın təhlükəsizliyi yalnız güclü ordu təmin edə bilər.

Əlbəttə ki, rəsmi İrəvan Ermənistan ordusunun yenidən qurulması üçün yetərli maliyyə-iqtisadi potensialının olmadığını da anlayır. Sadəcə, Fransanın maliyyə, İran və Hindistanın silah satışını vəd etməsi rəsmi İrəvanı ümidləndirir. Yəni, Paşinyan hakimiyyəti Fransanın parası ilə Hindistandan silah satın almağı düşünür. Bunun üzərinə İranın "silah hədiyyələri"ni də əlavə edəcəyi təqdirdə, regionda sülh prosesini tamamilə arxa plana keçirib, hərbi-siyasi qarşıdurmaya tab gətirə biləcəyi qənaətindədir.

Belə anlaşılır ki, rəsmi İrəvan bu mövqeyi və davranışları ilə açıq-aşkar, həm də israrla yeni müharibəni çağırmaq niyyətinə düşüb. Hər halda, Azərbaycanın Ermənistana yeni ordu qurub, regionda "meydan oxumaq" imkanı tanıyacağına yalnız sadəlövhlər inana bilər. Rəsmi Bakının konkret hədəfləri var və Ermənistanın "kaprizlər"inə uzun müddət səbr edib, vaxt itirmək niyyətindən uzaq görünür.

Belə anlaşılır ki, Paşinyan hakimiyyəti sülh prosesini pozmaqla, əslində, yaxın aylarda regionda yeni savaşın başlamasına səbəb törətməkdədir. ABŞ-ın analitik nəşri olan "Foreign Policy" də məhz tezliklə Cənubi Qafqazda yeni müharibənin başlaya biləcəyini proqnozlaşdırır. Və bu savaşın II Qarabağ müharibəsindən daha qısamüddətli olacağını ehtimal edir.

"Foreign Policy"nin analitikləri hesab edirlər ki, son dövrlər ərzində qüvvələr nisbəti əvvəlkindən də daha çox Azərbaycanın xeyrinə dəyişib. Ermənistan ordusu bərpa edilməyib, silah ehtiyacları təmin olunmayıb. Azərbaycan isə öz ordusunu daha da gücləndirib, müasir silah-sursat və hərbi texnika ilə təchiz edilib. İndi Azərbaycanın hərbi potensialı Ermənistanı dəfələrlə üstələyir, rəsmi Bakı NATO ölkəsi olan Türkiyə tərəfindən də tam dəstəklənir. Avropa məkanında Azərbaycanın enerji resurslarına ehtiyacın ciddi şəkildə artması isə rəsmi Bakının daha rahat və əminliklə davranmasına geniş imkanlar açır.

Digər tərəfdən, Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti dislokasiya olunan rus "sülhməramlı" kontingenti isə tədricən öz əhəmiyyətini itirir. Hər halda, rus "sülhməramlılar"ın bölgədə yerləşməsinə baxmayaraq, Azərbaycan özünə aid ərazilərin müəyyən hissəsini yenidən nəzarət altına almağa nail olub. Və bu, Rusiyanın yeni savaş ehtimalına müdaxilə imkanlarını məhdudlaşdırır.

Əslində, hazırda Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanma prosesinin pozulmasında Rusiyanın da xüsusi rolu var. Belə ki, amerikalı analitiklərə görə, Rusiyanın Ukraynada "savaş bataqlığı"na düşməsi də Cənubi Qafqazda sülh dövrünün başlanmasını əngəlləyir. Vaxtilə Avropa Birliyinin vasitəçiliyinə qarşı çıxmayan Kreml Rusiyanın regionda sülhməramlı missiyasının mövqeləri möhkəmləndirməyə imkan verəcəyinə ümid bəsləyirdilər.

Ancaq indi Kremldə Avropa diplomatiyası Rusiyanın regiondan sıxışdırılması prosesinin tərkib hissəsi kimi qəbul edilir. Ona görə də, Rusiya hazırda regional sülh prosesinin əngəllənməsində daha çox maraqlıdır. Və bu səbəbdən də indi Cənubi Qafqazda sülh dövründən danışmaq bir qədər çətin görünür.

Təbii ki, yeni savaş ehtimalını ön plana çıxaran əsas faktorlar kifayət qədər ciddi və güclüdür. Amerikalı analitiklər əmindirlər ki, əgər, Azərbaycan və Ermənistan arasında sülh danışıqları müsbət nəticələr verməzsə, rəsmi Bakı daha radikal addımlar atmaqdan çəkinməyəcək. Və Azərbaycan mövcud problemlərin hərbi yolla həllinə nail olacaq.

Göründüyü kimi, rəsmi İrəvan Fransa, İran və Hindistana güvənərək, Azərbaycan-Ermənistan yekun sülh sazişinin imzalanmasından israrla yayınmağa çalışır. Yəni, Paşinyan hakimiyyəti sülh prosesini pozmaqla, əslində, açıq-aşkar alternativ variantı - yeni müharibəni regiona "çağırır". Mövcud situasiyanın təhlili isə rəsmi İrəvanın "çağırışları" ilə qısamüddətli də olsa, yeni müharibənin Cənubi Qafqaza təkrar dönə biləcəyini ehtimal etməyə əsas verir.

Müsavat.com

0.1676459312439