Vasif Talıbov deputat mandatından məhrum edilə bilərmi?

 

Naxçıvan Ali Məclisinin sədri vəzifəsi ilə sağollaşan Vasif Talıbov həm də Azərbaycan parlamentinin deputatıdır.

Düzü, Vasif Talıbov parlament iclaslarına gəlmirdi və parlament rəhbərliyi tərəfindən onun qarşısında da yəqin ki, belə bir tələb də qoyulmurdu.

Demokratikmusavat.com Yenisabah-a istinadən xəbər verir ki, söhbət təkcə altıncı çağırış Milli Məclisdən getmir, ümumilikdə Vasif Talıbov millət vəkilliyi müddətində yaşadığı yerlə parlament binasındakı məsafəni su yoluna döndərməyib. Ali qanunverici orqanın iclaslarına gəlibsə də, bu, çox az olub.

Bəlkə də, sual versək, hansısa bir cavablar alarıq, lakin biz səbəblərə deyil, nəticələrə baxıb fikir yürüdürük.

Əlqərəz, Vasif Talıbov Naxçıvan Ali Məclisinin ali kürsüsündəki vəzifəsini itirsə də, o, 1 saylı Şərur-Sədərək seçki dairəsini Milli Məclisdə təmsil edən deputat mandatı ilə vidalaşmayıb.

Məsələni başqa mövzu üzərinə gətiririk, cənab Talıbov Milli Məclis deputatıdırsa, ən azından, təmsil etdiyi dairə üzrə seçicilərin səsini dinləməlidir.

İkinci bir cəhətdən, onun Milli Məclis iclaslarına gəlməməsi üçün bəhanələri də qalmır, yəni artıq elə yüksək vəzifə sahibi deyil ki, işlərinin çoxluğuna istinad edib parlamentin toplanışlarına təşrif buyurmasın.

Bəlkə də, Vasif Talıbovu qaytarmadılar – Milli Məclis iclaslarına. Lakin ortaya bir məsələ də çıxır ki, bunun da üzərindən sükutla keçmirik.

Kiməsə xırda bir detal kimi gələ bilər, lakin Vasif müəllim artıq Ali Məclis sədri olmadığından o, parlament iclaslarına gəlməsə də, heç olmasa, Milli Məclis komitələrinin birinin üzvü olmalıdır.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Milli Məclisin deputatı Milli Məclisin komitəsinin üzvü olmaya bilər.

Bu bənd Vasif Talıbova şamil edilirdi, özü də qanun çərçivəsində, ta o zamana qədər ki, Vasif Talıbov Ali Məclis sədrliyindən getdi.

İndi Vasif Talıbov Ali Məclis sədri olmadığına görə Parlamentin Daxili Nizamnaməsinin yuxarıda dediyimiz müddəası ona nisbətdə qüvvəsini itirir.

Yenə də ehtimal üzərində danışaraq qeyd etmək olar ki, Vasif Talıbovu, bəlkə, komitə üzvü də etmədilər.

Elə isə sual oluna bilər ki, Vasif Talıbovun ümumiyyətlə deputat mandatının əlindən alınması müzakirə olunur?

Düzü, bununla bağlı prosedurun başlanması üçün hələ bir əsas yoxdur, çünki mandatdan məhrum etmək fərqli şərtlər var.

Azərbaycan Konstitusiyasının 89-cu maddəsinə əsasən, Milli Məclisin deputatı aşağıdakı hallarda mandatından məhrum edilir:

1. seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda;

2. Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə;

3.  cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;

4.  dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla);

5.  özü imtina etdikdə;

6.  bu Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin tələbini pozduqda;

7. deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda.

Birinci bənd sırf seçki prosesi ilə əlaqəlidir və Vasif Talıbovun səslərinin legitimliyi rəsmi prosedurlarda təsdiqlənib.

Dördüncü bənddən danışarkən, Vasif Talıbovun bundan sonra dövlət orqanlarında vəzifəyə təyinat alacağı inandırıcı gəlmədiyindən, deməli, bu bənd də deputat mandatının itirilməsi üçün keçərli deyil.

3-cü bəndə gəlincə, Vasif Talıbovun cinayət törətməsinə dair məhkəmə hökmü yoxdur, ümumiyyətlə, bu barədə heç cinayət işi açıldığına dair məlumatlar belə, mövcud deyil.

Əlqərəz, ana qanunumuzun 89-cu maddəsi üzrə bəndlərə diqqətlə baxsaq, görə bilərik ki, Vasif Talıbovun deputatlıq mandatına iki hal üzrə xitam verilə bilər:

1. Özü imtina etdikdə,

2. Əgər onun kommersiya fəaliyyəti ilə məşğuliyyəti təsdiq olunarsa.

Deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozmaq halı ilə bağlı isə hansısa dəlilimiz yoxdur.

0.13936400413513