Prezidentin qələbəsi Pənahəli xandan Ulu öndərədək siyasi liderlərin arzusunu gerçəkliyə çevirib - Zahid Oruc

 

“Ölkə başçısının Qərbi Azərbaycana dinc qayıdış çağırışından sonra ideyaya qarşı səfərbər olunan bir qrup vicdan əzabkeşi ADR qurucularını qalib prezidentdən qorumağa və son yüz ilin vəkili rolunda çıxış etməyə çalışırlar.

Erməni tarixçilərinin İrəvan mifologiyasına haqq qazandıran, Cümhuriyyətin 23 ay yaşamasını “möcüzə”, “Bakını paytaxt kimi xilas edə bilməyən dövlətin İrəvanı saxlamasını qeyri-mümkün hadisə” və “əraziləri qurban verdik ki, Azərbaycanı xilas edək” antimilli tezislərini tirajlayan təsir agentləri millətimizin tarixi şüurunun oyanışına, əski torpaqlara qayıdışına ermənilərdən daha çox qarşı çıxırlar”.

Demokratikmusavat.com ” xəbər verir ki, bunu deputat Zahid Oruc  parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

Deputat qeyd edib ki, cümhuriyyət qurucularının İrəvanı təslim etməyə məcbur olduğunu deyənlər Xankəndini tank və topla tutmadığına görə dövlətimizi suçlayırlar: 

“Onların məntiqlərinə görə ölkə rəhbəri gərək Fransa və dünya dövlətləri ilə Laçın yolu üzərində dava aparmasın, 13 sentyabr toqquşmasında düşmənə zərbə vurmasın, çünki ağır hərbi-siyasi şəraitdə  torpaq vermək məqbuldursa, onda zaman və məkanın nə fərqi var ki.
Əlbəttə, nəinki Cümhuriyyət, eləcə də çarizm və sovetlər, həmçinin müstəqillik dövrümüzün obyektiv araşdrılması və görkəmli simalara düzgün qiymət verilməsi gərəkdir,  lakin Cümhuriyyət araşdırmaçıları bütün dövrlərin qalib lideri İlham Əliyevə ədalətli qiymət veriblərmi? Prezident İrəvanın verilməsinə son 20 ildə bircə dəfə haqq qazandırsaydı, onda milli idealların, daşıdığı genetik kodun əksinə gedər və Qarabağda Zəfər qazanmaz, Böyük qayıdış mümkün olmazdı. Son 300 ilin tək qalib lideri Odur, lakin Prezidentin qələbəsi Pənahəli xandan Cümhuriyyətə, Elçibəydən Ulu öndərə qədər bütün siyasi liderlərinin arzusunun gerçəkliyə çevrilməsidir. 

100 il əvvəl yol verilən səhvlər indi aradan qalxırsa, sevinmək lazımdır, xanımlar və cənablar. Möhtəşəm 8 noyabrı vəsf edərkən İlham Əliyevin adını çəkməyəndə vicdanınız sızlamırsa, ADR qurucularının ruhunu istismar etməyin!

Son bir əsrdə heç bir dövlət başçısı, xalq hərəkatının lideri və bütöv Azərbaycançı İrəvanla bağlı İlham Əliyev kimi sistemli, cəsarətli və konseptual mövqe ortaya qoymayıb. Torpaqların xilasından sonra milli yaddaş və tarixi şüurun azad olması başlayıb. 

Sayı 4 milyondan - Ermənistan əhalisindən 2 dəfə  çox olan qərbi azərbaycanlılar, şərqə, cənuba və şimala səpələnmiş vahid bir millətin parçalarıdır. Odur ki, Ermənistanla apardığımız bütün müharibələri uduzduğumuz halda ilk dəfə qazandığımız uğura görə qalibləri mühakimə etməyin! Qarabağ hadisələri İrəvandan başladığı kimi, indi Böyük Qayıdış bizi əzəli torpaqlarımıza qovuşduracaq, 100 il əvvəl kimin necə səs verməyindən asılı olmayaraq, Cümhuriyyət qurucuları o dönüşə sevinəcəklər”.

Mürtəza
Demokratikmusavat.com

0.16382002830505