Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilib.
Demokratikmusavat.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.
Dəyişikliyə əsasən, Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan məcburi nişanlama ilə nişanlanmalı olan malların siyahısı, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi, məcburi nişanlamanın hazırlanması üçün sifarişin verilməsi, onun tətbiqi, satışı və uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Bundan başqa, dəyişikliyə əsasən, Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ilə markalanmalı olan malların siyahısı, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi, aksiz markalarının hazırlanması üçün sifarişin verilməsi, onların tətbiqi, satışı və uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Aksiz markalarının hazırlanması, onların vergi ödəyicilərinə verilməsi və uçotunun aparılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilir. Belə aksizli malları markasız idxal etmək, saxlamaq (şəxsi məqsədlər üçün istisna olmaqla) və ya satmaq qadağandır.
Həmin maddələrdə nəzərdə tutulan qaydaların tələblərini pozan şəxs bu Məcəllədə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır.