Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Qarabağdakı sülhməramlı kontingentini Laçın dəhlizi boyu vəziyyətə dair aydın izahat verməyə çağırıb.
Demokratikmusavat.com xəbrə verir ki, o bu barədə hökumətin iclasında bildirib.
Qeyd edib ki, Qarabağda yaşayan ermənilərlə bağlı konkret öhdəliklər götürmüş Rusiya vəziyyəti necə dəyərləndirdiyini, dəhliz boyu hərəkətin bərpası üçün plan və yol xəritəsinin nədən ibarət olduğunu izah etməlidir.
"Bu, Ermənistanın və Qarabağdakı ermənilərin Rusiyadan cavab gözlədiyi məsələdir. Sizə xatırlatmaq istəyirəm ki, Rusiya həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür", - baş nazir bildirib.
Paşinyan hesab edir ki, əgər Rusiya obyektiv və ya subyektiv səbəblərdən Qarabağda təhlükəsizliyi və sabitliyi təmin edə bilmirsə, o zaman sülhməramlı kontingent üçün BMT Təhlükəsizlik Şurasında müzakirəyə başlamalı və ya bölgəyə çoxmillətli əlavə sülhməramlı kontingent göndərilməlidir.
Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 18 gündür davam edir.
Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Elvin Səlimov