Qara Qarayev: "Milliyə dəvət almadığım üçün üzülürəm"

 

"Qarabağ"ın futbolçusu Qara Qarayev Azərbaycan millisinə dəvət almamasına münasibət bildirib.

Demokratikmusavat.com xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi "Report"a açıqlamasında yığmada olmadığı üçün üzüldüyünü söyləyib.

Qarayev 10 il mütəmadi olaraq komandanın formasını geyindiyini xatırladıb: "Ölkəmi layiqli təmsil etməyə çalışmışam. Baş məşqçi öz fikrində qaldı, buna hörmətlə yanaşıram. Hər zaman milliyə layiq olmaq istəmişəm. Hələ də çağırılmamağımın səbəbini bilmirəm. Hər kəsə uğurlar arzulayıram. Yığma üzvləri zədəsiz klublarına dönsünlər və millimizi layiqincə təmsil etsinlər".

Təcrübəli oyunçu baş məşqçi Canni De Byazi ilə arasında hansısa problemin olmadığını diqqətə çatdırıb: "Hər şey iyundakı toplanışda başlamışdı. Amma 3-4 ay keçsə də, mən bu barədə danışmırdım. Sentyabrda baş məşqçi bəzi sözlər dedi və mən məcburiyyət qarşısında qalıb cavab verdim. Bu olmasaydı, yenə də danışmayacaqdım. Kiminləsə xüsusi problemim olmayıb. İddia edirlər ki, Qara Qarayev oynamaq davası edir. Məncə, sevinməlidirlər ki, Azərbaycanda belə futbolçular var. Yenə də çox danışmaq istəmirəm. Milli komandaya uğurlar arzulayıram. İndi azarkeş kimi dəstək verəcəyəm. İmkan olsaydı, futbolçu kimi dəstəyimi göstərərdim. Canni De Byazi məni 10 il milliyə çağırmasa, yenə yığma üçün can yandıracağam. Bu komandada olmaq üçün daim çalışacağam".

Qeyd edək ki, Azərbaycan millisi noyabrın 16-da Moldova ilə, noyabrın 20-də isə Şimali Makedoniya ilə üz-üzə gələcək.

0.15366792678833