Vahid Ələkbərovun bankının qazancı kəskin azaldı

 

“Yelo Bank” ASC 2022-ci ilin üçüncü rübünün yekunları üzrə maliyyə hesabatını açıqlayıb.

“Demokratikmusavat.com ”ın məlumatına görə, sözügedən dövrə bankın cəmi aktivləri 795,605 mln manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 60,5% çoxdur.

Müştərilərə verilmiş kreditlərin həcmi illik müqayisədə 42,2% artaraq 580,437 mln manat təşkil edib.

Ötən ilin üçüncü rübünün yekunları ilə müqayisədə bankın depozit portfeli 77,8% artaraq 550,379 mln manata çatıb. Bankın cəmi öhdəlikləri isə 69,3% artaraq cari ilin sentyabrın 30-na 721,969 mln manat təşkil edib.

MƏRKƏZİ BANKA BORCU ARTIB

Bankın Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəlikləri 87,424 mln manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,5% çoxdur.

“Yelo Bank”ın cəmi kapitalı isə illik müqayisədə 6,3% artaraq 73,636 mln manata yüksəlib. Nizamnamə kapitalı 378 mln manat olan bankın yığılmış zərəri 311 mln manat təşkil edir. Bankın yığılmış zərəri isə illik müqayisədə 1,7% azalaraq 313,899 mln manata çatıb.

Cari ilin üçüncü rübünün yekununda bankın xalis faiz gəlirləri 38,819 mln manat, xalis qeyri-faiz xərcləri isə 37,348 mln manat təşkil edib. Əməliyyat mənfəəti 1,470 mln manat olan bank mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmaları 1,774 min manat azalıb.

MƏNFƏƏTİ KƏSKİN AZALIB

Bununla da “Yelo Bank” cari ilin ilk doqquz ayını 3,244 mln manat xalis mənfəətlə başa vurub. Bu isə ötən ilin eyni rübü (11,368 mln manat) ilə müqayisədə 3,5 dəfə azdır.

Xatırladaq ki, “Yelo Bank” ASC-nin səhmdarları “Topaz Investments Limited” MMC (95,68%), Marina Kulişova (4,22%) və “ISR Holding” MMC-dir (0,1%). Banka birbaşa olaraq tək fiziki şəxs azərbaycanlı milyarder, Rusiyanın “Lukoil” Neft Şirkətinin sabiq prezidenti Vahid Ələkbərov nəzarət edir.

Könül
Demokratikmusavat.com

0.19242787361145