“Bank BTB” ASC 2022-ci ilin üçüncü rübünün yekunları üzrə maliyyə hesabatını açıqlayıb.
“Demokratikmusavat.com ”ın məlumatına görə, sözügedən dövrə bankın cəmi aktivləri 361,438 mln manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 0,6% azdır.
Müştərilərə verilmiş xalis kreditlərin həcmi illik müqayisədə 3,2% azalaraq 238,980 mln manat təşkil edib.
Ötən ilin ikinci rübünün yekunları ilə müqayisədə bankın tələbli depozitlərin həcmi 28,8% azalaraq 12,066 mln manata, müddətli depozitləri isə 7,5% artaraq 137,354 mln manat olub. Bankın cəmi öhdəlikləri isə 1,4% artaraq cari ilin sentyabrın 30-a 312,120 mln manat təşkil edib.
KAPİTALI 50 MLN MANATDAN AŞAĞIDIR
“Bank BTB”nin cəmi kapitalı isə illik müqayisədə 6,4 mln manat və ya 11,4% azalaraq 49,319 mln manata enib. Cari ilin ikinci rübündə isə bu rəqəm 49,755 mln manat idi.
Cari ilin ilk doqquz ayında bankın xalis faiz gəlirləri 7,130 mln manat, xalis qeyri-faiz xərcləri isə 6,971 mln manat təşkil edib.
ZƏRƏRİ ARTIB
Əməliyyat mənfəəti 159 min manat olan bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 5,873 mln manat ayırıb. Mənfəətindən vergi ödəməyən bankın 2022-ci ilin sentyabrın 30-na xalis zərəri 5,714 mln manat təşkil edib. Qeyd edək ki, bankın cari ilin ilk yarısında xalis zərəri 5,274 mln manat təşkil edirdi.
Bununla da bankın ilin ilk yarısında 19,702 mln manat olan bölüşdürülməmiş zərəri 20,141 mln manata çatıb.
Qeyd edək ki, ötən bir neçə ildə bağlanan "AtaBank", "Amrahbank", "AGBank" və bir sıra digər bankların kapitalı 50 milyon manat həddindən aşağı düşmüşdü.
Xatırladaq ki, “Bank BTB”nin səhmlərinin 74,99%-i Nigar Mehdiyevaya, 19,01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur. Mətbuatda Nigar Mehdiyevanın Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gəlini olduğu qeyd olunur.