Bu gün səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində qəza baş verib və nəticədə ətrafı su basıb.
Qəza səbəbindən ərazidə olan yaşayış binasının təxminən 1500 metrlik ərazisində bir metr hündürlüyündə su olub.
Fövqəladə Hallar Nazirliyinin nümayəndələri isə obyektlərə nə qədər ziyan dəyməsi ilə bağlı dəqiq informasiyaya sahib olmadıqlarını vurğulayıblar.
Belə ki, hadisə nəticəsində obyeklərə dəymiş zərərin qarşılanması məsələsi də xüsusi əhəmiyyət kəsb edir.
Sığorta sahəsi üzrə ekspert İlkin İbrahimov “Demokratikmusavat.com ”a açıqlamasında bildirdi ki, burada hər hansı obyektə subasma hadisəsi baş veribsə, ilk növbədə zərər müəyyən edilməli, daha sonra həmin obyektlərin sığortalı olub-olmamasına baxılmalıdır:
“Məlumdur ki, daşınmaz əmlakın icbari sığortası məcburidir və sahibkarlara münasibətdə buna Fövqəladə Hallar Nazirliyi nəzarət edir. Fiziki şəxslərin zərər dəyən əmlakları sığortalı olarsa, ilk növbədə sığorta şirkəti baxış keçirməli və müvafiq orqanlara sorğu göndərməlidir.
Burada isə müvafiq orqan “Azərsu” ASC-dir. Bu qurum ödəniş ilə bağlı və ya suyun təbii fəlakət və ya digər hallarla bağlı olması barədə arayış verilməlidir. Əgər bu arayışda hadisənin təbii fəlakət olması qeyd olunarsa, sığorta şirkəti kompensasiya ödəyəcək və bu məbləği heç bir qurumdan tələb etməyəcək. Lakin burada “Azərsu” özünü günahkar bilərsə, sığorta şirkəti zərərçəkənlərə kompensasiya ödəyəcək və gələcəkdə bunu geri tələb edəcək”.
Ekspertin sözlərinə görə, sığortası olmayan şəxslər isə zərərlərini hesablamalı, “Azərsu” və Fövqəladə Halar Nazirliyinə sorğu verilməlidirlər:
“Lakin “Azərsu” birbaşa olaraq maraqlı tərəf olduğundan arayışda qəzanın onlunla bağlı olduğunu yazmayacaq. Sığortası olmayan fiziki şəxslər də zərər aktı çıxarmalı, arayış almalı və müvafiq orqanlara - “Azərsu”, Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etməlidirlər. Bu zaman həmin qurumlar könüllü şəkildə zərəri aradan qaldırmalı və kompensasiya verməlidir. Əks təqdirdə həmin şəxslər məhkəmə yolu ilə bu ödənişi ala bilərlər”.
Könül
Demokratikmusavat.com