Gələn ilin büdcə layihəsi Milli Məclisə daxil oldu

 

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi oktyabrın 24-də Milli Məclisə daxil olub.

"Demokratikmusavat.com" xəbər verir ki, layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.

2023-cü ildə dövlət büdcəsinin qeyri-neft gəlirləri 14,4 milyard proqnozlaşdırılıb ki, bu da 2022-ci illə müqayisədə 5,6 faiz, 2021-ci illə müqayisədə isə 12,2 faiz çoxdur.

Bununla yanaşı, dövlət büdcəsinin qeyri-neft gəlirlərinin artımı Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin azalmasına imkan yaradır. 2023-cü ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 11,3 milyard manat nəzərdə tutulur və bu da 2022-ci illə müqayisədə 237,5 milyon manat azdır. Əmtəə bazarlarında neft qiymətlərinin dəyişkənliyi nəzərə alınmaqla, daha ehtiyatlı yanaşma əsasında 2023-cü ildə dövlət büdcəsi hazırlanan zaman neftin bir barelinin qiyməti 50 ABŞ dollarına bərabər götürülmüşdür.

Layihədə 2023-cü ildə dövlət büdcəsinin xərcləri 33,3 milyard manat proqnozlaşdırılır ki, bu da 2022-ci illə müqayisədə 1,0 milyard manat, 2021-ci illə müqayisədə isə 5,9 milyard manat çoxdur. 2023-cü ilin dövlət büdcəsinin gəlirləri kimi xərcləri də ölkə tarixinin ən yüksək göstəricisidir.

0.23259401321411