“Məktəb çatışmazlığı tıxaclara səbəb olur” - ŞƏRH

 

Bakıda tıxacların çoxlu səbəbləri var. Bunların hər biri barəsində çox danışılır. Səbəblərdən bəzilərinin bilavasitə nəqliyyatla bağlılığı ilk baxışdan görünmür (amma əslində onlar da sözün geniş mənasında yol-nəqliyyat infrastrukturuna bağlıdır). Bunlardan bir qrupu məskunlaşmadan, şəhərsalmadan irəli gələn səbəblərdir.

"Demokratikmusavat.com" xəbər verir ki, bunu nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynli deyib. O bildirib ki, şəhərin daxili hissələrinin son illər ciddi sıxlaşdırıldığı, bəzi məhəllələrin beton cəngəlliyə çevrildiyi göz qabağındadır: "Şəhər ətrafında, təxminən 20-25 il əvvələdək boş olan ərazilərdə isə cəngəlliksayağı, plansız məskunlaşma göz qabağındadır. Heç bir mobillik planı, yol-nəqliyyat infrastrukturunun indiki və perspektiv vəziyyəti nəzərə alınmadan aparılan belə məskunlaşma səbəbindən insanlar elementar gündəlik ehtiyacları (işləmək, uşağı bağçaya və məktəbə aparmaq, normal alış-veriş etmək və s.) üçün kifayət qədər uzaq məsafəyə getməyə məcburdurlar. Üstəlik həmin məskunlaşma zonalarında normal küçə-yol şəbəkəsi də saxlanılmayıb. İctimai nəqliyyata əlçatımlıq da ki, bərbaddır. Nəticədə qaçılmaz tıxaclar yaranır".

Ekspertin sözlərinə görə, problemin bariz bir misalını Milli Məclisin son iclasında deputat Rauf Əliyev dilə gətirib: "Onun dediklərinə əsasən, məsələn, Binə qəsəbəsində 149 saylı məktəb 1350 şagird yerlik olsa da, orada 4483 şagird var, Buzovnadakı 26 saylı məktəb isə 2300 şagird yerlik olsa da, faktiki şagird sayı 4230-dur. Yəni məktəb çatışmazlığı var. Oxşar, bəlkə də daha betər vəziyyət Abşeron aqlomerasiyasının bütün yeni məskunlaşma ərazilərində - Xırdalanda, Masazırda, Hövsanda, Binəqədidə və s.-də də var. Bunun nəticəsində on minlərlə şagird həmin yaşayış məntəqələrindən şəhər daxilindəki məktəblərə gətirilir. Yeni məskunlaşma ərazilərində mövcud olan az sayda məktəblərin təlim-tədris prosesinin bəyənilməməsi səbəbindən xeyli valideynin şəhər məktəblərinə üstünlük verməsi bu işi bir az da ağırlaşdırır. Nəticədə şəhər girişlərində və xeyli küçələrdə tıxac yaranır. Tətil vaxtı həmin yerlərdə tixacın olmaması, yaxud daha dözülən olması bunu aşkar təsdiq edir".

"Məsələnin həlli üçün ən azı bundan sonra belə cəngəlliksayağı məskunlaşma və sıxlaşmanın qarşısı alınmalıdır. Həmin ərazilərdə normal məktəblər tikilməli, müasir mobilliyə hesablanan infrastruktur yaradılmasına başlanmalıdır",- deyə Ə. Hüseynov əlavə edib.

Könül
Demokratikmusavat.com

0.14711880683899