Azərbaycanın və Türkiyənin aparıcı telekommunikasiya şirkətləri “AzerTelecom” və “Türk Telecom International” (TTI) Azərbaycandan Avropaya Türkiyə vasitəsilə rəqəmsal dəhlizin əsasını yaradan ilkin 200 Gbit/s həcmində tranzit tutumun alınması ilə bağlı müqavilə imzalayıb.
“Demokratikmusavat.com ” xəbər verir ki, “AzerTelecom” şirkətinin Qərb və Şimal istiqamətlərində şaxələndirilmiş təchizat marşrutlarına əlavə olaraq, “Türk Telecom International” ilə yeni əməkdaşlıq Türkiyə və Avropa istiqamətində daha bir alternativ rəqəmsal tranzit dəhlizinin yaranmasına imkan verir. Tərəflər buna qədər bir çox rabitə xidmətlərinin mübadiləsi, o cümlədən Azərbaycanın Naxçıvan regionunun Türkiyə vasitəsilə məlumat və səs ötürülməsi də daxil olmaqla sabit, dayanıqlı və təhlükəsiz bağlantı xidmətləri ilə təmin olunması sahəsində əməkdaşlıq əlaqələrini qurublar.
Yeni məlumat ötürmə tutumunun alınması və bağlantı marşrutu “AzerTelecom” şirkətinin Azərbaycan vasitəsilə Şərq-Qərb arasında rəqəmsal telekommunikasiya dəhlizinin qurulmasını hədəfləyən strateji və irimiqyaslı “Rəqəmsal İpək Yolu” layihəsinin bir hissəsidir.
“Türk Telecom İnternational” şirkəti ilə yeni tərəfdaşlıq Şərq və Qərb arasında əlçatanlığın və bağlantının gücləndirilməsində Azərbaycanın daha bir mühüm regional uğurudur. Müxtəlif çağırışlarla zəngin olan dövrdə bu əməkdaşlıq ölkələr arasında və regionda kommunikasiya xidmətlərinin dayanıqlığını artırmaq və təkmilləşdirmək üçün yeni imkanlar yaradacaq.
“AzerTelecom” Azərbaycanın aparıcı topdansatış telekommunikasiya operatorudur. Şirkət enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sənayesi üzrə səkkiz ölkədə fəaliyyət göstərən “NEQSOL Holding” çoxşaxəli şirkətlər qrupunun tərkibinə daxildir. “AzerTelecom” Azərbaycanı beynəlxalq internet şəbəkəsi ilə birləşdirir və telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir.
“Türk Telekom International” Mərkəzi və Şərqi Avropa regionunda, Türkiyə, Qafqaz, Yaxın Şərq və Asiyada fəaliyyət göstərən aparıcı telekommunikasiya operatorudur. “Türk Telekom International” mövcud şirkətlərə, alternativ operatorlara, mobil operatorlara, kabel televiziyası şirkətlərinə, internet provayderlərinə və korporativ müştərilərə tam çeşiddə İnternet/data xidmətləri, infrastruktur və topdansatış səs xidmətləri təqdim edir.