Tanınmış professor çağırış etdi

 
Əfqan Abdullayev,
Filologiya elmlər doktoru, professor,
ABŞ təhsil təqaüdlərinin dəfələrlə qalibi
 
(Xüsusi olaraq Bakupost üçün)
 
ABŞ-ın məşhur Harvard Universtetinin məzun günündə hər il tanınmış şəxslər – siyasətçilər, biznes nümayəndələri çıxış edirlər. Təxminən 3 il bundan əvvəl Almaniyanın kansleri Angela Merkel də məzun günüdə çox maraqlı, eyni zamanda hər bir tələbəyə örnək ola biləcək bir nitq söyləmişdi. Həmin çıxışdan bəzi məqamları da nəzərə almaqla yeni tədris ilinin başladığı ərəfədə tələbələrlə, xüsusilə də I kurs tələbələri ilə tələbəlik həyatının bütün üzlərini həm ölkə daxilində, həm də vətəndən çox-çox uzaqlarda yaşamış bir insan kimi, eyni zamanda, ömrünün 30 ilindən çoxunu tələbələrlə işə həsr edən bir professor kimi öz mülahizələrimi bölüşdürmək istərdim. Ümid edirəm bu yazı hamı üçün olmasa da, əsl tələbə həyatının nə olduğunu, ondan sonra həyatda onların hansı nailiyyətlərinin olacağını bilmək istəyənlərə maraqlı ola bilər.
 
 
Əziz tələbələr, hər zaman düşünün ki, xanım Merkelin də dediyi kimi, dəyişilməsi mümkünsüz görünən şeylər, əslində, dəyişilə bilər. İstər böyük olsun, istər də kiçik olsun, bilin ki, bütün dəyişikliklər beyində başlamalıdır, əgər bu yoxdursa, siz yerinizdə sayacaqsınız.
Elə tələbəlik həyatının ilk günündən başlayaraq həyat tərzinizdə tələbə həyatı lap öndə olmalıdır. Heç bir çətinliklərdən qorxmayaraq, küsməyərək, “bəxtim beləymiş” deməyərək ancaq irəli getmək lazımdır. Az danışıb, çox dinləmək lazım gələcək, ona görə ki, insan dinləyəndə öyrənir, danışanda yox. Bircə onu bilirəm ki, həyat mənə bir qızıl qayda öyrədib – heç kimdən heç nə gözləmə. Ancaq özünə arxalan.
 
 
 
 
Yaddan çıxarmayın ki, sizin mənsub olduğunuz nəsil XXI əsrin çağırışları ilə üz-üzə dayanıb. Ölkəmizi gələcəkdə idarə edən, inkişaf etdirən sizlər olacaqsınız. Rəqəmsallaşma həyatımızın bütün sahələrini əhatə edir. Bu çətin, amma qaçılmaz zamanda əlinizdən gələn hər şeyi etməlisiniz ki, müstəqil Azərbaycanımızın, Qalib ölkəmizin daha da inkişaf etdirilməsi üçün layiqli mütəxəssis olasınız.
Unilateral (birtərəfli) deyil, multilateral (çoxtərəfli) düşünməli və hərəkət etməli, milli dəyərlərimizin kökləri üstündə qlobal, təcridçi deyil, dünyaya açıq olmalıyıq, qısası, tək yox, birlikdə olmalıyıq, necə ki 44 günlük müharibədə bunu dünyaya göstərdik. Siz bizim məxsus olduğumuz nəsildən daha fərqli şanslara sahib olacaqsınız. Bu imkanlardan necə istifadə edəcəyiniz isə tamamilə sizə bağlıdır. Bizim nə cür işləyəcəyimizə, nə cür ünsiyyət quracağımıza, necə irəliləyəcəyimizə siz qərar verəcəksiniz, amma bu qərarlar inandırıcı, qlobal çağırışlara cavab verən qərarlar olmalıdır.
 
 
Bir tələbə kimi tez-tez özünüzdən soruşun. Görəsən, doğru olanımı edirəm? Nəyisə doğru olduğuna görə edirəm, yoxsa mümkün olduğuna görə edirəm? Məhz sizlər texnologiyaların qaydalarını müəyyən etməlisiniz, yoxsa texnologiyalar sizin birgə yaşayışınızın qaydalarını əlinizdən alacaq. İnsanı öz ləyaqəti və bütün tərəfləri ilə birlikdə mərkəzə qoymalı, ona dərin hörmət və ehtiramla yanaşmalısınız. Onu sadəcə bir müştəri, informasiya mənbəyi, nəzarət edilən bir obyekt kimi görməyin.
 
 
 
 
 
Bunlar əlbəttə ki, çətin məsələlərdir. Həyatda asan olan nə var ki, əziz tələbələr. Bu çətin məsələləri anlamadıqca, onları dərk etmədikcə, bunlara cavab tapmaq üçün dünyaya başqalarının gözü ilə baxmağı, öz tariximizi dərindən öyrənməklə başqalarının tarixinə, öz adət-ənələrimizə əməl etməklə başqalarının ənənələrinə, öz dinimizi qorumaqla başqalarının dininə və kimliyinə hörmət etməyi, demokratik dəyərlərə sahib çıxmağı və onlar üçün mübarizə aparmağı öyrənməlisiniz, əziz tələbələr. Heç vaxt həyat əhəmiyyətli qərarların qəbulunda ilkin instinklərinizə əsaslanmayın, bircə anlıq dayanın, düşünüb-daşının. Hansı ailəni, hansı nəsli, hansı milləti təmsil etdiyinizin fərqində olun. Bunun üçün isə sizlərdən əlbəttə ki, cəsarətli olmaq tələb olunacaq.
Hər şeydən öncə isə başqalarına qarşı, bəlkə də bundan da daha vacibi özünüzə qarşı düşkünlük lazımdır. Unutamyın, ilahi həqiqət həmişə güclüdür. Buna başlamaq üçün universitetlərdən daha yaxşı yer ola bilməz. Dünyada enerji ilə dolu, arzuları aşıb-daşan bu qədər gənc insanın savadlanmaq, öyrənmək və həqiqət suarı altında yığışması, birlikdə öyrənib, araşdırma apardığı bu yerdən –universitetdən, daha yaxşı başqa yer ola bilərmi!.. Yalanları həqiqət kimi, həqiqətləri yalan kimi təqdim etməkdən uzaq olun, hüquqa güvənin, amma ədalətli hüquqa.
 
 
Özünüzü mümkün olan şeylərlə, bacardığınız işlərlə təəccübləndirməlisiniz. Təəccübləndirmək tələbəlik həyatının ayrılmaz hissəsidir. Yeni həyata başlamaq, yeni başlanğıclara imza atmaq, eyni zamanda köhnəni geridə qoya bilmək deməkdir. Bu sizdə dünənizə, keçmişinizə arxa çevirmək anlamına gəlməməlidir. Keçmişinizi unutsanız gələcək sizi heç zaman bağışlamaz. Sonu olmayan başlanğıc da yoxdur, necə ki gecəsi olmayan gündüz yoxdur. Sizin bütün həyatınız başlanğıcla son arasındadkı fərqdən ibarət olacaq. O ikisinin arasında nə varsa, adətən onu həyat və təcrübə adlandırırlar.
 
 
Və son olaraq, siz yeni başlanğıcların sehrini duymaq üçün yeni həyat vərəqləri açmalısınız, köhnəni bitirmək və yeni imkanlardan yararlanmağa həmişə hazır olmalısınız. Bu, mənim təhsil alarkən, elmlə məşğul olarkən, idarəetmə işində çalışarkən qazandığım təcrübədir. Kim bilir, tələbəlik həyatınızda sizi nələr gözləyir. Heç kim bilmir. Ancaq bir şey hamınıza gün kimi aydındır - nəsə yeni və fərqli bir şey olacaq. Bu yeni və fərqli tələbəlik illərində sizə uğurlar arzulayıram.
 
 
Zamanınızı idarə etməyi bacarın, yoxsa zaman sizi idarə edəcək, bu isə heç nə yaxşı vəd etmir!
 
Sizlərə dərin inam və hörmətlə,
0.15186214447021