Yevlaxdan başlanan ömür yolu...

 

Yevlaxdan başlanan ömür yolu...

Kənardan tələskən adam təəssüratı yaratsa da, əslində çox təmkinli və səbrlidir. İnsanlara dəyər verməyi bacarır. Kiməsə yuxarıdan aşağı baxmaz, bu onun ruhuna, əxlaqına ziddir. Sadəliyini, təvazökarlığını həmişə qoruyub saxlaya bilir. Savadlı, məlumatlı, dünya görüşlü adamdır. Güclü düşnmə qabiliyyəti var. Çox zəhmətkeş və mhsuldardır. Səhnə sənətinə, kinoya, təsviri incəsənətə, dramaturgiyaya, aktyor və rejissor peşəsinə, mədəniyyətin müxtəlif problemlərinə aid minə yaxın məqalə yazıb. Sənətkarlara həsr olunmuş, onların ömür və yaradıcılıq yollarını əks etdirən müxtəlif kitablar ərsəyə gətirib, Azərbaycan teatrlarının tarixi haqda sanballı əsərlərin müəllifidir...

Deyir ki,- “Mən rəssam olmaq istəyirdim. Bu sənətə təsadüf və şans nəticəsində gəlmişəm. Bəlkə indi çoxlarına inanılmaz görünür, amma həqiqətən belə olub. O vaxt Azərbaycan Dövlət Teatr İnstitutunun Rəssamlıq fakültəsinə daxil olmaq istəyirdim. Amma sənədlərimi verəndə heç götürmədilər də, dedilər, əvvəlcə rəssamlıq məktəbini bitir sonra gəl. Qanım elə qaralmışdı ki, heç rayona qayıtmaq da istəmədim, birinci mərtəbəyə enib divardakı elanlara baxdım, “şünas” sözü xoşuma gəldi. Teatrşünaslıq barədə elə ordakılardan soruşdum, nəsə dedilər anlamadım, axırı birtəhər başa saldılar ki, dramaturgiya ilə bağlı olacaq fəaliyyətim. Nə isə sənədlərimi verdim və qəbul olundum. Amma zamanla teatr mühitinə alışsam da, teatrşünas olacağıma, bu sahədə uğur qazanacağıma elə də inamım yox idi...”

Haqqında söhbət açdığım İlham Rəhimli 1949-cu ildə Yevlax rayonunun Malbinəsi kəndində dünyaya göz açıb. Orta təhsilini Yevlaxdakı 1 saylı orta məktəbdə başa vurub. Bir il Yevlaxdakı 4 saylı avtobazada çilingər işləyib. 1967-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsinə qəbul olunub. 1972-ci ildə bu ali məktəbi fərqlənmə diplomu ilə bitirib. 1973-1974-cü illərdə Sovet ordusu sıralarında hərbi xidmət keçib. Sonra “Kommunist”- indiki “Xalq qəzeti”ndə əmək fəaliyyətinə başlayıb. Müxtəlif illərdə ədəbi işçi, baş müxbir, felyeton və publisistika, mədəniyyət şöbələrinin müdiri vəzifələrində çalışıb. 1991-1993-cü ilərdə "Azərbaycan" qəzetinin baş redaktoru, prezident aparatının humanitar siyasət şöbəsinin məsul işçisi olub. Həmçinin 1993-cü ildən 2003-cü ilə kimi Akademik Milli Dram Teatrında ədəbi hissə müdiri vəzifəsində işləyib. Eyni zamanda, 1975-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr tarixi kafedrasında dərs deyir. Sənətşünaslıq doktoru, professordur.
2007-2011-ci illərdə Azərbaycan Televiziya və Radio QSC-nin "Maarifçilik" redaksiyasında baş redaktor vəzifəsində çalışıb. 2011-ci ildən Mədəniyyət kanalının direktor müavinidir.
Azərbaycan Televiziyasında "Ekran. Kino. Yeniliklər", "Teatr", "Yeni tamaşalar", "Aktyorlar və rollar", "Sərbəst bu söhbət" verilişlərinin müəllifi və aparıcısıdır. Azərbaycan Jurnalistlər və Yazıçılıar birliklərinin, eləcə də Rəssamlar və Teatr Xadimləri ittifaqlarının üzvüdür.
1989-cu ildən əməkdar incəsənət xadimi fəxri adını daşıyır. 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb...

Düzə düz, əyriyə əyri deməyi bacarır. Tənqiddən çəkinmir. Klassiklərin, eləcə də müasir yazarların haradıcılığına subyektiv deyil, obyektiv yanaşma tərzi var..

“Elçinin, Əli Əmirlinin əsərləri teatrlarda tez-tez oynanılır. İlqar Fəhminin, Firuz Mustafanın, Elçin Hüseynbəylinin, Afaq Məsudun yaxşı pyesləri var. Kamal Abdulla çox maraqlı dramaturqdur, tamamilə fərqli üslubda yazır. Məsələ nədir: Azərbaycanda rejissor və dramaturqun birgə işləmək səriştəsi çox zəifləyib. Səməd Vurğunun qələmindən dürr tökülürdü, amma "Vaqif”i həddindən artıq uzun yazmışdı. Yazdığı da poetik cəhətdən nə qədər füsunkar olsa da, dramaturji baxımdan əsaslı işlənməyə ehtiyacı vardı. Ədil İsgəndərov o əsəri dramaturqla birgə qısaldıb gətirdi səhnəyə. Səməd Vurğun "Fərhad və Şirin”də dramaturgiyanı artıq xeyli mənimsəmişdi. Bu o demək deyil ki, Ədil İsgəndərov Səməd Vurğuna qələm tutmağı öyrədib.
Dramaturgiya çətin janrdır. Ədil İsgəndərovla Səməd Vurğunun işlədiyi variantı Tofiq Kazımov ömründə tamaşaya qoymazdı. Mehdi Məmmədov da o cür. Ədil İsgəndərovdan sonra iki rejissorun adını inamla çəkə bilərəm ki, onlar öz dramaturqlarını yetişdirdilər. Gənc Tamaşaçılar Teatrında Zəfər Nemətov Rauf İsmayılov, İsgəndər Coşqun, Yusif Əzimzadə, Əfqan, Firudin Ağayev kimi müəlliflərlə səylə işlədi və onlar oldular bu teatrın dramaturqu. Tofiq Kazımov dramaturqlardan İlyas Əfəndiyev, Sabit Rəhman, Anar, Əkrəm Əylisli ilə birgə işlədi və gözəl tamaşalar hazırladı. Mən inanmıram ki, yaxşı pyesi teatr geri qaytarsın. Sadəcə, bu gün rejissorla teatrın qarşılıqlı, ehtiramlı, inamlı əlaqəsi itib. Bu gün çox yazan dramaturqlardan biri Əli Əmirlidir. Mən Akademik teatrda ədəbi hissə müdiri işləyəndə onun pyesini bəyənməyib qaytarmışam. O da təmkinlə mənim iradlarıma qulaq asıb.
Sonralar Əlinin dramaturji yaradıcılığını təbliğ edənlərdən biri də mən olmuşam. Mənim fikrimcə, onun Akademik Teatra ilk gətirdiyi "Meydan” əsəri zəif idi. Amma "Ağqoyunlular və Qaraqoyunlular”, "Köhnə ev”, "Varlı qadın” maraqlı əsərlərdir. "Messenat”ı bəyənməmişəm.”- söyləyir...

Sürətlə işləmək qabiliyyəti onu vunderkində çevirib. Yüzdən çox kitabın müəllifidir. Azərbaycanda onun qədər kitabı nəşr olunan müəllif hələ ki, yoxdur. Bu sırada birinci yeri o, tutur. Qəlbi yumşaq adamdır, əl tutmağı, yardım etməyi xoşlayır. Maraqlı həmsöhbətdir, mütaliəsi o qədər güclüdür ki, hər bir söhbəti yeni bir məntiq, yeni bir məna kəsb edir. İçi dolu, niyəti saf, məzmunlu adamdır. Məram və məqsədi gün kimi aydındır. Bildiklərini öyrətmək, insanları maarifləndirmək, xalqa, millətə xidmət etmək onun həyat kredosudur. Nöqsanlar göz yummağı bacarmır. Bir teatrşünas kimi ürək ağrısı ilə onları dilə gətirir...

Deyir ki,- “Doğrudur, son illər Azərbaycanın əksər teatrları əsaslı şəkildə yenidən qurulub, müasir texnika və texnologiya, işıq, səs sistemləri ilə təchiz edilib. Binaya daxil olanda, məşq və qrim otaqlarını, butafor, rekvizit sexlərini gəzəndə, tamaşaçı salonunda əyləşəndə qürur duyursan. Bunu Bakıda keçirilən beynəlxaq konfranslara gələn qonaqlar da gizlətmirlər, gözəlliyi sevinclə etiraf edirlər. Çox təəssüf ki, teatrların yaradıcılıq prosesi texnikanın və texnologiyanın imkanlarından qat-qat aşağıdır. Bəzi teatrlarımızın güclü və səriştəli cərrahiyyə əməliyyatına ehtiyacı var. Bir qrup teatrlarımız isə ciddi terapevtik müalicəyə möhtacdır və onların sağlam sabahına ümid daha çoxdur. Çox-çox təəssüf ki, reanimasiyada güclə "nəfəs alan” teatrlarımız da var...”

Sentyabrın 8-i teatrşünas-tənqidçi, jurnalist, əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor, Prezident təqaüdçüsü İlham Əziz oğlu Rəhimlinin növbəti ad günüdür. Onu bu münasibətlə təbrik edir, möhkəm cansağlığı arzulayıram...

Elman Eldaroğlu

Demokratikmusavat.com

0.1316249370575