Bu dünyada Reyhan Yusifqızı adlı bir xanım da var...

 

 

 

Çox istedalı xanımdır, saysız hesabsız qabiliyyətlərə malikdir. Həm dəqiq və həm də humanitar elmləri dərindən bilir. Necə deyərlər, bu universallıq ona bir neçə sahədə müvəffəqiyyət qazanmağa imkan yaradır. Təxəyyülü genişdir, həyatda romantik və duyğusaldır. İçindəki sıxlıq ona güc verdiyindən başladığı hər bir iş uğurla nəticələnir.

Deyir ki,- “Doğrudur, universiteti dəqiq elmlər üzrə bitirmişəm amma bu yaradıcılığıma mane olmur, əksinə istiqamətləndirir. Əgər mən riyaziyyatı, fizikanı bilməsəydim, elmi-kütləvi, elmi fantastik əsərlər yaza bilməzdim. Öyrədici əsərlər yazmağım isə pedaqoji fəaliyyətimlə bağlıdır. Uşağı yormadan, ona hiss etdirmədən öyrədir, informasiya verirəm...”

Son dərəcə iradəli, istəyinə çatmaqda məqsədyönlü, olduqca zəkalı bir qadındır. İncə yumor hissinə malikdir. Ünsiyyətdə sadə və qayğıkeşdir. Fəqət çox məğrurdur. Rəfiqələrini diqqətlə seçir, təsadüfi adamlar bu siyahıda ola bilməzlər...

Haqqında söhbət açdığım Reyhan Yusifqızı 1965-ci ildə anadan olub. 1972–1982-ci illərdə Bakı şəhəri 5 saylı orta məktəbdə və 20 saylı musiqi məktəbinin fortepiano sinfində oxuyub. 1982-1987-ci illərdə BDU-nun Tətbiqi riyyaziyyat fakultəsində təhsilini davam etdirib. Oranı fərqlənmə diplomu ilə bitirərək Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutuna təyinat alib. 1990-cı ildə BDU-da işləməyə başlayıb. 2007-ci ildə namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elimləri namizədi alimlik dərəcəsinə yiyələnib. 60-dan çox məqalə və tezisin, həmçinin, riyaziyyat sahəsində üç kitabın müəllifidir. "Lütfü Zadə irsi və süni intellekt" Assosiasiyasının üzvüdür. Elmin İnkişafı Fondunun və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun dəstəyi ilə yerinə yetirilən bir neçə layihənin rəhbəri və ya aparıcı işçisi olub. Mütəmadi olaraq BDU-nun tətbiqi riyaziyyat fakültəsində qeyri-müəyyənliklərlə bağlı “Soft Kompüting” nəzəriyyələrini tədris edir. Ailəlidir, iki övladı var. Həyat yoldaşı Fərrux Şıxlınski məşhur xalq yazıçısı İsmayıl Şıxlının oğludur...

“Universitetdə tədris etdiyim “Soft Kompütinq” - “Yumşaq Hesablamalar” deməkdir, intellektual sistemlərin əsasında durur. “Soft Kompütinq” nəzəriyyələri təqribi, hətta naməlum göstəricilərlə və sözlərlə işləmək üçün riyazi aparata malikdir. Məsələn, “istedadlı” və ya “gözəl” anlayışlarını riyazi ifadə edib modellərə daxil etmək, “gözəl” və “daha gözəl” anlayışlarını fərqləndirib müqayisə etmək olar.”- söyləyir...

Reyhan Yusifqızı 1995-ci ildən bədii yaradıcılıqla da məşgul olur. 2007-ci ildən AYB-nin üzvüdür. Yüzdən çox povest və hekayənin, nağıl və poemanın, elmi-kütləvi kitablar seriyasının müəllifidir. Daha çox uşaq yazıçısı kimi tanınır. Orta məktəb dərsliklərində bir sıra əsərləri tədris edilir. O, Azərbaycan uşaq ədəbiyyatında intellektual prozanın parlaq nümunələrini yarada bilib. Elmi-fantastik trilogiyanın müəllifidir...

Deyir ki,- “Yaradıcılığımı daha çox uşaq və yeniyetmələrə həsr edirəm. Dünyada uşaq ədəbiyyatının trendini izləyirəm: başqa ölkələrdə, başqa yerlərdə uşaqlar nə oxuyur, hansı kitablarla böyüyür? Axı biz dünyaya inteqrasiya olunuruq. Bizim uşaqlar planetimizi daha yaxşı tanımalı, baş verən proseslərdən kənarda qalmamalıdır. Uşaqlarla müntəzəm ünsiyyətdə oluram. Tez-tez məktəblərdə, kitab evlərində görüş, imza günü və təqdimatlar keçirirəm. Əmin olmuşam ki, yeni nəsil müasir tələblərə cavab verən maraqlı kitablar istəyir. Normal uşaq dilində yazılmış istənilən mövzuda kitab uşaq üçün maraqlı və faydalı ola bilər. Çünki hər bir süjet həyatın sadə modelidir. Uşaqlar kitablar vasitəsilə həyatı öyrənirlər...”

Kənardan sakit görünsə də, əslində hədsiz dərəcədə qaynar adamdır. Yazıb yaratmaqdan zövq alır, yorulmadan çalışır. Həssasdır, baş verən yaxşı-pis hadisələr onun ovqatına tez təsir edir. Düşündüklərini sürətlə həyata keçirmək, tez fikrə çevirmək qabiliyyətinə sahibdir. Özünə, savadına əmindir. Girdiyi hər mübahisədə üstünlük qazanmağı bacarır. Hər saxta mənzərəni pozmağa, həqiqəti üzə çıxarmağa qətiyyətli və kəskin ağıllıdır...

Adətən yaradıcı insanlar vaxtın qıtlığından gileylənirlər. Reyhan xanım pedaqoji fəaliyyətə, yaradıcılığa nə qədər vaxt xərcləsə də, ailə-məişət qayğılarına da biganə deyil. Doğmalarına, evinə nəvaziş göstərməyi bacarır. 

“Mən İsmayıl Şıxlı ocağına onun ömrünün qürub çağında düşmüşəm. Xəstəlik yavaş-yavaş bu böyük insanı üstələsə də, heç vaxt xəstəlikdən, ölümdən qorxmurdu və bizə də qorxmamağı tövsiyyə edirdi. “Mən ki, müharibənin od-alovundan keçib sağ qalmışam, indi yaşadıqlarım mənim üçün qazancdır, Tanrının hədiyyəsidir.”- söyləyirdi. Çox şanslıyam ki, bu insanı yaxından tanımışam. Əlbəttə, cürbəcür mövzularda uzun-uzadı söhbətlərimiz olub, əsərlərilə bağlı, həmçinin son əsəri olan “Ölən dünyam” haqda çox danışmışıq. Şəkər xəstəliyindən görmə qabiliyyətini itirdiyi üçün bu əsəri yarımçıq qoymuşdu. Ostrovskini misal çəkərək romanı bitirməsini təkid edirdim. Günlərin birində onu inandırdım, həyat yoldaşı Ümidə xanıma diqtə edərək, əsəri yazıb bitirdi.”- söyləyir...

Bəli, bu dünyada Reyhan Yusifqızı adlı bir xanım var. Həm bir alim kimi ustadı, böyük Lütfü Zadənin yolunu davam etdirir və həm də bir qələm adamı kimi övladlarının babası, Xalq Yazıçısı İsmayıl Şıxlının...

Elman Eldaroğlu

Demokratikmusavat.com

0.13499283790588