İcbari tibbi sığortanın tətbiqi, həkimlərin əmək haqının artırılması belə, səhiyyə sistemində metastaz verən korrupsiyanı “müalicə” etmir.
Adi bir fakta gözucu nəzər salsaq, paytaxt xəstəxanalarında “65 yaşdan yuxarı” korrupsiya piramidasının yüksəlməsinin şahidi olarıq. İşləmənin son həddinə, yəni 65 yaşa çatmış həkimlərin əmək müqaviləsinin yenidən hər il 80 yaşa qədər uzadılması səhiyyə sistemində əməlli-başlı gəlir mənbəyinə çevrilib (yazdıqlarım institutda fəaliyyət göstərən həkimlərə şamil edilmir).
Hər kəsə məlumdur ki, baş həkimlər əmək müqaviləsini xəstəxananın ehtiyacına və həkimin qabiliyyətinə görə uzatmır. Burada şəxsi maraq böyükdür və araşdırmalar göstərir ki, 10 ildən çox əmək müqaviləsi uzadılan ağ xalatlıların, daha doğrusu, ağ saçlıların sayı dodaq uçurdar (xatırladım ki, bu barədə redaksiyamızın əməkdaşları paytaxt xəstəxanalarında jurnalist araşdırması aparmış, yüzlərlə belə faktın olmasını müşahidə etmişdir).
Maraqlıdır ki, öz peşəsində çalışmaq istəyən bir xeyli gənc kadr vakant yer tapıb fəaliyyət göstərə bilmir. Amma, təqaüd yaşını çoxdan keçənlər hər il müqaviləsi uzadılmaqla işdə saxlanılır.
Səhiyyə naziri Teymur Musayevdən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyevdən, TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanovdan soruşmaq istərdik ki, əcaba bu lütfkarlığın səbəbi nədir?
“Yol böyüyündür” deyən dədələrimizin ruhuna ehtiram, yoxsa tamam başqa bir səbəb? Sadəcə paytaxtın xəstəxanalarında yüngülvari bir araşdırma aparın, görün nə qədər belə faktlarla rastlaşacaqsınız. Bütün bunlar sırf korrupsiya halları deyilmi, belə uzatmaların hansı maraqlar hesabına baş tutduğunu bilmirsinizmi?
Bu barədə yuxarıda qeyd etdiyim aidiyyatı rəhbərliklərin də mövqeyi maraqlı olardı. Nə vaxta qədər döyüşə, pardon əməliyyata qocalar gedəcək? Prezidentin gənclər siyasətinə Azərbaycan səhiyyəsinin verdiyi töhfə budurmu?
Xalq inanmaq istəyir ki, xəstəxanalarda illərdir davam edən "yaşlı həkimlərlə müqavilə bağlamaq" kimi korrupsiya mexanizmi tezliklə ortadan qalxacaq, nəhayət, ölkədə işsiz qalmış gənclərə də yol açılacaq!
Nicat Mahmudov
Rubrika.Az