Andromed klinikasının rəhbəri, həkim Mirzəli Cəfərquliyev Baş Prokurorluğun İstintaq İdarəsinin müstəntiqi Vətən Əliyevin ondan rüşvət tələb etdiyini iddia edib.
Bu barədə sosial şəbəkə hesablarında paylaşdığı videomüraciətində bildirib.
“Oktyabr-noyabr aylarında bizim klinikaya təxminən 15-20 metr aralıda 2 ağac kəsildi. Ağacları kəsdirən adam “Ekologiya”da cəriməsini də ödəyib. Lakin 5-10 gün sonra Respublika Prokurorluğunun İstintaq İdarəsinin müstəntiqi Vətən Əliyev məni yanına çağırdı və boynuma qoydu ki, ağacları mən kəsdirmişəm. Və bundan sonra təxminən oktyabrdan fevralın axırına qədər həmin müstəntiq məni təxminən 20-25 dəfə hər gün saat 3-dən gecə 12-1-ə qədər idarəyə çağırtdırıb. Sonda Vətən Əliyev məndən 25 min manat istədi. Dedi ki, 25 min manat versəniz, mən bu işi bağlayacam”, – Mirzəli Cəfərquliyev videomüraciətində deyib.