I YAZI
- Azərbaycan xalqının HZ.HÜSEYN sevgisi var, xalqımız ALLAH RƏSULUNU, HZ.ƏLİNİ, HZ.FATİMƏNİ sevdi, sevir, sevəcək, övladlarına onların adını verdi.
Mədəniyyətimizin önəmli bir parçası (ədəbiyyat, teatr, musiqi) HZ.HÜSEYNLƏ bağlıdır;
- Sevgi o biri nemətlər kimi istismara açıq nemətdir, sevdiyinin anlamını, dəyərini, mesajını doğru öyrənməsən, anlamadan sevsən, sevdiyini sənə qarşı çevirəcək, onun əli ilə səni sömürəcəklər, nemət fəlakət olacaq - şüursuz sevgi diriltməz, öldürər; - Azərbaycanda dərin dini cəhalət var, əziz xalqımız dinini bilmir, Qurani-Kərimi oxumadan müsəlman olmuşuq, bizə Qurani-Kərimi öyrətmədilər, öyrətmək istəmirlər, belə ki, xalq dinini bilsə, dini, siyasi ticarətlər çökəcək - cahili idarə etmək, sömürmək asandır;
- Azərbaycan xalqının ehtiyacına uyğun təhsil almaq, elm öyrənmək imkanı yoxdur, minlərlə gəncimiz məktəbdən uzaqdır, işsizdir, maddi, mənəvi, psixoloji ehtiyaclarını təmin edə bilmir, ailə qurmaq imkanı məhduddur;
- Azərbaycan hakimiyyətinin din siyasəti çökmüşdür (bu ayrıca bir yazının mövzusudur), Azərbaycanın dini məkanı İranın təsirinə keçmişdir, Dini Komitə dini deyil, siyasi qurumdur, xalqın ehtiyaclarına uyğun deyil, multukulturalizmi din kimi təbliğ edir. Hörmətli Mübariz Qurbanlı on ilə yaxındır ki, komitə sədridir, siz onun, ondan öncəki sədrlərin Qurani-Kərimlə bağlı 10 dəqiqəlik söhbətini eşitdinizmi? Qafqaz Müsəlmanları Ruhani İdarəsi nüfuzunu itirmişdir, ictimai rəyə təsiri yoxdur, 42 il İslamın şeyxi olan hörmətli Allahşükür Paşazadənin Qurani-Kərimlə bağlı 42 dəqiqəlik çıxışı varmı? Demirəm ki, onlar Qurani-Kərimdən danışsalar, işlər düzələcək, deyirəm ki, onların Qurani-Kərim adlı davası, hədəfi yoxdur
- İran İslam Respublikasının varlığı HZ.ƏLİNİN, HZ.FATİMƏNİN, HZ.HÜSEYNİN üzərində qurulub, o, məzhəb ixrac etməyi Ana Yasasına yazıb, dövlət siyasətidir, bu işə milyonlarla pul xərcləyir. HZ. HÜSEYN İranın siyasi hədəflərini gerçəkləşdirmək üçün istifadə etdiyi addır, o, bu adla öncə Azərbaycanın dini məkanını, sonra da siyasi məkanını ələ keçirməyə çalışır; - Azərbaycan xalqının vəziyyəti ağırdır, yoxsuldur, özünü çarəsiz, ümidsiz, kimsəsiz hiss edir, bu halda olan xalq qurban mövqeyinə keçir, qurban olan xilaskar axtarar, dərdli xalq üçün xilaskar HZ. HÜSEYNDİR, belə ki, xalqın etirazını ifadə edəcək gerçək müxalifətin formalaşmasına izin verilmədi, onun dərdini deyəcək alim, yazıçı, şair yoxdur, içini tökə biləcəyi, çıxış yolu tapa biləcəyi azad mətbuatdan məhrumdur, bu halda, ən etibarlı sığınacaq HZ. HÜSEYNDİR, İslam tarixini öyrənmək üçün yüzlərlə cild kitab oxumuş bir qardaşınız kimi deyirəm ki, HZ. HÜSEYN o dərəcədə böyük, təsirli şəxsiyyətdir ki, onun adı ilə dövlətlər qurulmuş, dövlətlər yıxılmışdır;
Ardı var...