"Bizdə kabab iyi gəlirsə, Avropa stadionlarından ..." Qurban Qurbanov

 

Misli Premyer Liqasının ilk turunda "Qarabağ" öz meydanında "Səbail"i 3:1 hesabə ilə məğlub edib. 

"Demokratikmusavat.com" xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında çıxış edib"Futbolçularımı təbrik edirəm. Çox vacib 3 xal qazandıq. Dünənki matç və bu oyun göstərdi ki, işimiz asan olmayacaq. İstənilən halda, oyunçular ilk matçdan necə hazırlaşmalı olduqlarını başa düşdülər. Mahmud Qurbanova və onun komandasına uğurlar arzulayıram. Ötən il bir məğlubiyyətimiz "Səbail"dən olmuşdu. Builki transferlərdən görünür ki, indi daha iddialıdırlar.

Bizim də yeni transfer etmək ehtimalımız var. Dayanmamışıq. İmkan olduğu qədər transfer etməyə çalışacağıq".

50 yaşlı mütəxəssis bildirib ki, bu matçdakı rotasiyalar "Ferentsvaroş"la UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində səfər matçı üçün zədədən qaçmağa yönəldilib: "Hardasa bir qədər zədədən ehtiyatlanırdıq. Ancaq bunun üçün rotasiyalar etdik. Bəlkə də kimsə az, kimsə çox oynadı. Şükürlər olsun ki, zədə olmadı. Bəlkə də qarşıdakı turlarda PFL-ə avrokubok matçı ilə əlaqədar istirahət verilməsini istədik. Ancaq indiki durumda buna ehtiyac görmürük.

Qurbanov Macarıstan "Ferentsvaroş"unun futbolçusu Endre Botkanın UEFA Çempionlar Liqasının ilk oyunu zamanı Tofiq Bəhramov adına Respublika stadionuna kabab iyi və tüstüsünün gəlməsi barədə fikirlərinə münasibət bildirib: "Bilmirəm, Botka bunu hansı mənada deyib. Hava hamımız üçün eynidir. Əksinə, sərin havada oynanılan məşq daha rahat oynanılır. Qaldı ki, onların burnuna Azərbaycan kababının iyinin gəlməsinə sevinirəm. Bizdə kabab iyi gəlirsə, Avropa stadionlarından da sosiska iyi gələ bilər. Biz hamımız azərbaycanlıyıq. Hər bir xalqın öz adət-ənənəsi var. Ümumiyyətlə, əcnəbilər həmişə Azərbaycanda kababdan danışırlar".

0.052165985107422