Demokratiya və iqtisadi azadlığa verilən 
NOBEL

 

2024-cü ilin iqtisadiyyat üzrə Nobel mükafatçıları elan olundu. Bu mükafata birgə araşdırmaları ilə seçilən Daron Acemoğlu, Simon Conson və Ceyms Robinson ilə birlikdə layiq görülüblər. Mənim fikrimcə bu adlar şərtidir. Əslində bu mükafat dünyada demokratiya və iqtisadi inkişaf, iqtisadi azadlıq və rifah, insitutlar və iqtisadi artım arasındakı müsbət əlaqəni uğurla sübut və interpretasiya edən bilən bir ideyaya verilən mükafatdır.

Çünki çağdaş dünyanı yalnız demokratiya və azadlıq anlayışları ətrafında formalaşmış ideyalar xilas edə bilər. Hər üç iqtisadçı institutların formalaşması və onların rifaha təsirləri arasındakı müsbət korrelyasiyanı hərtərəfli izah edə biliblər. Məhz iqtisadi insitutlar hesabına bir qism ölkənin uğur qazanmasının, digərlərinin isə uğursuzluğa düçar olmasının səbəblərini və sərhədlərini çox dəqiqliklə ortaya qoyublar.

İsveç Kral Elmlər Akademiyasının Nobel komitəsi Stokholmda məhz bu qərarlarını açıqlayaraq bildiriblər ki, üç iqtisadçı “bir ölkənin çiçəklənməsi üçün ictimai institutların əhəmiyyətini nümayiş etdiriblər. Qanunun aliliyi zəif olan cəmiyyətlər və əhalini istismar edən institutlar artım və ya yaxşılığa doğru dəyişmir. Laureatların araşdırmaları bizə bunun səbəbini anlamağa kömək edir".

Tələbələr adətən mənə xitabən hansı iqtisadçıları oxumalarını tövsiyyə etməyimi istəyəndə mən klassik iqtisadçılarla yanaşı müasir iqtisadçıların da kitabların tövsiyyə edirəm. Daron Acemoğlunun 4 kitabını xüsusilə qeyd edirəm.

“Ulusların düşüşü”, “Diktatörlük ve demokrasinin ekonomik kökenleri”, “Dar karidor” və “İktidar ve teknoloji”. Bu kitabları müasir dövrdə meqatrendlərini başa düşməyə və gələcəyi daha dərindən dərk etməyə yardımçı olan mənbələr hesab edirəm.

Demokratiya ilə yanaşı iqtisadi azadlıqlara verilən önəmin iqtisadi inkişafı şərtləndirməsi modern dünyanın əsas dayaqlarından birinə çevrilib. "Diktatörlük ve demokrasinin ekonomik kökenleri"ndən (2006) "Ulusların düşüşü"ə (2018) qədər hər şey "çoxluğun iradəsinin" legitimliyinə söykənir. Ona istinad edilir.

Bu tədqiqat müəllifləri bu paradiqmanın parlaq tədqiqatçıları olmaqla, onu çox inandırıcı arqumentasiyaları uğurlu interpretasiya edə biliblər. Bu kitabları dərindən oxuyanlar bu uğurlu sinergetik bağları tuta bilərlər. Eyni zamanda yeni nobelçilər iqtisadi xətti qurumlarla rifah arasındakı əlaqəni çox ustalıqla əsaslandıra biliblər.

İqtisadi institutları inklüziv və ekstraktiv olmaqla iki yerə ayıran müəlliflər bunun doğra bildiyi sosial rifahı, inkişafı və texnoloji imkanlara xüsusi vurğu salıblar. Şahın qanun yox, qanunun şah olduğu cəmiyyətlərdə iqtisadi inkişafın meydana çıxardığı üstün imkanları hüquqla əlaqələsini sübutə yetirməyi bacarıblr.

Hər biri 500-600 səhifəlik olan yazdıqları kitablarla oxucunu uzaq yox, çox uzaq keçmişə aparırlar. Bu kitabları oxuduqca müəlliflər tarixi paralelləri ortaya qoymaqla retrospektiv baxış ortaya qoyurlar və fundamental olaraq səbəb-nəticə əlaqəsinin iqtisadi sirlərini ortaya qoyulur. Oxucuya elə gəlir ki, sanki iqtisadi fikir tarixi dərsliyini oxuyur. Əslində texnoloji pressinqin və rəqəmsal iqtisadiyyatın sabahına dair mətnləri oxuyurlar.

(ardı var)

Məmməd Talıblı, İqtisadi Təhlil İnstitutunun rəhbəri

Demokratikmusavat.com 

0.27609515190125