Dilçilik institutu nəşriyyat evi deyil, İsa müəllim!

 

Professor Tərlan Quliyev: "Ramiz Əsgər "Divan"ı tərcümə etməklə adını Azərbaycan mədəniyyəti tarixinə həmişəlik yazdı"

2021-ci ildə akademik İsa Həbibbəylinin akademik Ramiz Mehdiyevlə bəlli ssenari əsasında Dilçilik İnstitutuna Baş direktor gətirdikləri porofessor Nadir Məmmədlinin, görün, İ.Həbibbəyli nəyini xidmət hesab edir: “Divanü lüğat-it türk”ün Xalid Səid Xocayev tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcüməsinin əlyazmasını axtarıb üzə çıxaran (Dilçilik İnstitutunun arxivindən -İ.A.) və bu möhtəşəm elmi abidəni çapa hazırlayan Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədlinin xidmətləri ayrıca qeyd edilməyə layiqdir”. Aylardır, bunu əllərində dəstəvüz edib zildən düşmürlər.
Ay həzərat! Məgər AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun arxivi Babilistanın düşmən hücumundan darmadağın olmuş kitabxanasının arxividir?! Kimi aldadırsınız, cənablar?! Camaat susursa, bu o demək deyil ki, siz bu qədər insafsızlıq edib gözə kül üfürməlisiniz! Evində diplomun, ya hər hansı bir əşyan itibsə və onu sonra tapırsansa, bu, xidmətdir?! Zəhmət çək, diqqətli, məsuliyyətli ol, itməsin!

“Divanü lüğat-it türk”ə gəlincə, rəhmətlik türkoloq, tərcüməçi, publisist, ədəbiyyatşünas, filologiya elmləri doktoru Ramiz Əsgər 18 il bundan əvvəl onu 5 cilddə azərbaycanlı oxucuların ixtiyarına verib. Nə olsun ki, dünyasını dəyişib. Axı “Divanü lüğat-it türk”ü ana dilimizə ilk çevirən, izah edən o olub! Haylı-küylü təbliğat və reklam əslində bu həqiqəti gizlədə bilməzsiniz.
Belə paxıllıqla, biganəliklə ölkənin, xalqın taleyinə kəm baxan xəsis tacir olmaq olar, fəqət gerçək alim olmaq olmaz. Ramiz Əsgər "Divan"ı ərəb və türk dillərindən müqayisəli şəkildə tərcümə edib və bu işi təkbaşına görüb. O, işçilərini işlədib öz adına yazmaq hesabına Xalid Xocayevin hazır tərcüməsinin əlyazmasının üzünü köçürməyib...
Onu da qeyd edim ki, dövlətə, millətə xidmət dövlət büdcəsindən, ya xalqın cibindən çoxlu pul qoparıb varlanmaq, üzüyola işçilərin əməyini mənimsəmək, dövlətin elm potensialını zədələmək hesabına saxta yollarla pullara, mülklərə sahib olmaq anlamına gəlmir.

PS. İsa Həbibbəyli! Ramiz Əsgərin türk dünyası və Azərbaycan üçün cahanşümul işlərini siz də inkar etməmisiniz: "R.Əsgər "Divan"ı Azərbaycan dilinə çevirib çap etdi. «Oğuznamə»ni, «Qutadğu bilig»i, Türkmən, Krım-tatar, Orta Asiya ədəbiyyatından nümunələri dilimizə çevirməklə çap etdirib." Amma dövlətin ənam və mükafatlarına gəlincə, bizlər unuduluruq və ortada yeyib qıraqda gəzən dostlarınız önə keçir.

İdris Abbasov, Professor 

Demokratikmusavat.com 

0.13828206062317