Professor İdris Abbasov yazır...
Dəbdə olan "Sistem dəyişməlidir" ifadəsi qədər məsuliyyətsiz və urvatsız ifadə görmədim.
Yəni bu ifadəni işlət və tüfeyliliyinə, məsuliyyətsizliyinə, fəaliyyətsizliyinə, seyrçiliyinə, oğurluğuna, kiçik-böyük rüşvətinə, bir sözlə, tutduğun və vərdiş etdiyin əyri yoluna bəraət qazandır.
Arxada deyin, donquldan, dürüst bir şəxs görəndə özünü ona bənzət, elə davran ki, sanki haqsızlıqdan dəhşət narazısan, acından ölürsən. Elə ki, gün başladı, qəssab bıçağını al əlinə, get işinə, öz miqyasında aldat, fürsəti dəyərləndir, yəni həmvətəninin qanını iç, büdcədən ayrılan vəsaiti fərdi və ya qrup şəklində tala. Bu yerdə akademik dilə gəlib dillənir:
"Bəs necə? Yoxsa 500-700, hətta 2000-3000, lap olsun 5000 manat maaşa nəinki biznesimi qurub uşaqlarımı oxuda bilməzdim, heç yaşadığım bu yaraşıqlı evi belə alammazdım. Sistem dəyişməlidir. Mənim nəyim var ki? Cəmi iki şirkətim, qohumlarımın adına beş on mülküm var. Milyardları yeyirlər e, qardaş. Fil qulağında yatmisan.
Bu dövləti talamaq, millətin anasını ağlatmaq fərzi-kifayədir!" Öz ananı ağladırsan da, ay akademik, sadəcə, qanmadığın üçün fərqində deyilsən!
Bəli alçaqlığın nəqaratını da tapıblar: "Sistem dəyişməlidir. Bütün ölkə bu gündədir, hay-huy, püf-tüf, bap-bup!".
Qoyun kimi otlamalıyıq, beynimizi işlətməməliyik, kimsə gəlib bizə sistem quracaq, hətta bizi qucağında oturdub əvəzimizdən düşünəcək də. Bizim də işimiz o olacaq ki, ziyalı adı altında yaltaqlığı, oğurluğu, ləyaqətsizliyi, namussuzluğu, xəyanəti, satqınlığı təbliğ edək.
Bu işdə 1 nömrəli günahkar dilsiz-ağızsız kitabxanalarımızı saxta cızma-qaralarla doldurub titullanan, xalqa sitəm edən, məsuliyyətdən yayınan bivec alimlər, akademiklər, özünə ziyalı deyənlər, bir sözlə, cəmiyyətə cavbdeh olan, ən azından, mənəvi məsuliyyət daşıyan şəxslərdir.
Sən hələ beyni piylənmiş alimin sehirli prezident arzusuna bax: "Elə bir prezident gəlsin ki, bizi hər şeylə təmin etsin. "Ol!" desin və hər şeyimiz olsun!" Əlbəttə, sehirli prezident, sehirli hökmdar olacaq. Sən də beynini indikindən daha çox eyş-işrətə sərf edəcəksən, yeyib yatacaqsan, qucaqlarda gəzib kef edəcəksən... Hazırda isə 300-500, 1000 manat maaşla az şeyə nail olmamısan. Bəs maaşa adekvat olmayan o mülklər hardandır, ay ədəbsiz?
Cavab yenə də soxaya qalmış nəqaratdır: "Sistem dəyişməlidir. Bütün ölkə bu gündədir, hay-huy, paf, püf, tüf, bap-bap!".
Sistemin subyektləri bizim kimi oğru, rüşvətxor, saxtakar, tüfeyli, qaniçən, dövlətçilik şüuru olmayanlardırsa, yaxud haqqa qarşı lal, kar, korlardırsa, özünü islah edə bilməyən minlərlə alimlər, yazarlar, müəllimlər, həkimlər, qulluqçular və sairələrdirsə, o sistem heç vaxt düzələ bilməz, sadəcə, hakimiyyət bir qrupdan digərinin əlinə keçə bilər, vəssalam.
İlk növbədə dünyaya baxışımız dəyişməlidir. Bunun üçün beyinlər, düşüncələr, yanaşmalar dəyişməlidir...