Mən, Bəydəmirli Nazim 2004-cü ildə AR Dövlət Əmlak Komitəsindən Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi 40 ünvanda yerləşən “Avto Qarant” ASC-yə mənsub olan 60579 ədəd adi səhmləri özəlləşdirmə metodu ilə satın alıb həmin cəmiyyətin əmlakının 30.0058% mülkiyyət hüquqları əldə etmişəm.
Daha sonra 2005-ci ilin payızında keçirilən seçkilərə qoşularaq, 104 saylı Gədəbəy-Tovuz dairəsindən AR Milli Məclisinə deputat seçilmişəm. Bu müddət ərzində mənə məlumat verilmişdir ki, cəmiyyət daimi olaraq zərərlə işləyir, buna görədə dividendlər səhmdarlar arasında bölüşdürülmür. Araşdırmalarım nəticəsində mənə məlum olmuşdur ki, cəmiyyətin gəlirləri aylıq 20000-22000 arasında olur, həmin məbləğin çox hissəsini cəmiyyətin rəhbərlik etdiyi şəxlər cəmiyyətin xəzinəsinə mədaxil etmədən əldə edilən gəlirləri mənimsəyirlər.
ASC-nin 61% səhmlərinə 2003-cü ildə şübhəli sahib olmuş Ədalət Bağırovun törətdiyi qanun pozuntuları özünün yaratdığı cinayətkar qrup tərəfindən uzun illərdir ki, davam etdirilir. “Avto Qarant” ASC-nin idarəçiliyini faktiki olaraq əlinə alan bu şəxs, mədaxillərin silinməsi, imza və möhürlərin saxtalaşdırılması, cəmiyyətin üzvlərinə hədə-qorxu gəlməsi kimi müxtəlif yollara əl ataraq külli miqdarda gəlirləri mənimsəməklə məşğuldur.
“Avto Qarant” ASC-nin İH sədrləri olmuş şəxslərdən, digər səhmdarlardan, cəmiyyətin yerləşdiyi ərazidəki icarədarlarla etdiyim söhbətlərdən mənə məlum oldu ki, Ədalət Bağırov bizi aldadaraq aylıq topladığı külli miqdarda vəsaiti gizlədir, qanuni əsası olmadan ASC-nin cari fəaliyyətini həyata keçirir, icarədə olanların bəzilərinə müəssisədən qovacağı barədə hədələyir, bəziləri ilə də, “qarşılıqlı anlaşmaya” gedərək, gəlirləri kassaya mədaxil etmədən mənimsəyir. ASC-nin mühasibini özündən asılı vəziyyətə salan Ədalət Bağırovun faktiki təkbaşına mənimsədiyi pul vəsaiti milyon manatlarla ölçülür. Ədalət Bağırov bunlarla yanaşı cari vergi ödəmələrindən və sosial sığorta ödənişlərini ödəməkdən müxtəlif yollarla yayınmışdır. Orta təhsilli, 1-ci Qarabağ müharibəsindən yayınmaq üçün keçmiş sovet respublikalarının birinə getmiş, fərarilik etmiş və 1998-ci ildə prezident Fərmanı ilə kütləvi əfv olunduqdan sonra 2000-ci illərdə Bakıya qayıdıb, xırda küçə ticarəti ilə məşğul olan şəxs necə ola bilər ki, bu qədər qanunsuz hərəkətləri təkbaşına etsin? Millət Vəkili olduğum zaman 10-larla səhmdarların şikayətlərindən mənə məlum olmuşdur ki, doğma qardaşı və ASC-də həmin vaxt direktor müavini işləmiş əmisi oğlu Aydın Xıdırov birgə aldıqları 61% səhmi məhz Ədalət Bağırov Ukrayna vətəndaşıdır deyə onun adına rəsmləşdiriblər. Bu 3 şəxs arasında bu gün də mübahisələr davam edir və belə el dilində desək, adam öz qardaşına və əmisi oğluna “atıb”.
Çoxsaylı səhmdarların mənə müraciətlərini nəzərə alıb zərərlə bağlı iddiaları yoxlamaq üçün audit yoxlaması təşkil etdiyimə görə, deputat olduğum vaxtlar “Yeni Müsavat”, “Bizim Yol”, “Azadlıq” qəzetlərində haqqımda şər, böhtan məlumatlar yayıb. Həmin vaxt tərəfimdən məhkəməyə verilmiş, həbs olunmasa da islah işlərinə məhkum edilmişdir. 2010-cu ilə qədər “Avto Qarant” ASC-də heç bir icraedici orqanda olmamışam. Həmin ildən ASC ilə yaxından maraqlandığımda məlum olmuşdur ki, adam bu qanunsuzluqlarını son illərə qədər Xətai rayon prokuroru olmuş Yusif İldırımzadənin şəxsi himayəsi altında edir. Hətta faktlar üzrə açılmış cinayət işləri 3-5 il istintaq süründürməçiliyə məruz qalmış, Ümumi Yığıncaqda əmisi oğlu A.Xıdırova xəsarət yetirib, xuliqanlıq etdiyinə görə polis tərəfindən 48 saat saxlanılan Ədaləti prokurorluq məhkəməyə təqdimat verməyərək yenə əməllərini ört-basdır etmişdir. Xətai rayon prokuroru Sərdar İmanov təyin edildikdən sonra yenə də, bu “ənənə” davam edir.
Öz çirkin niyyətlərini həyata keçirmək üçün, dəfələrlə cəmiyyətin səhmdarlarının ümumi yığıncağı adından saxta protokollar tərtib etmiş, həmin protokollar əsasında da, cəmiyyətlə əslində heç bir əlaqəsi olmayan qohumlarını və yaxınlarını cəmiyyətin icra və nəzarət orqanlarına yerləşdirərək, onlarla əlbir olub cəmiyyətdə öz çirkin əməllərini davam etdirirlər. Ümumi mülkiyyətimizdə olan əmlakı satıb talan edirlər. Həmin protokollarla bağlı dəfələrlə məhkəmələrə iddi ərizələri ilə müraciət etsəm də, bir nəticəsi olmamışdır.
Ədalət Bağırov icarədarların az vergi ödəmə istəməsi səbəbindən onlarla razılaşma əsasında icarə hqqqını, orada işləyən işçilərin sayını bilərəkdən az göstərmiş, ASC-də çalışan və yüksək məbləğdə maaş alan işçilərin maaşını çox cüzi miqdarda göstərmişdir. Cəmiyyətə məxsus möhürləri, ştampları saxtalaşdırmış və bu yolla çirkin niyyətlərini həyata keçirmişdir. Ədalət Bağırov Cəmiyyətin yerləşdiyi ərazinin mühafizəsini özünün cinayətkar dəstəsinə həvalə etmiş, mənim həmin şirkətin ərazisində müstəqil audit araşdırması aparılmasına icazə verməmişdir.
Yuxarıda sadaladığım hallardan əlavə Ədalət Bağırovun törətdiyi cinayətlərin sayı həddindən artıqdır. Belə ki, Ədalət Bağırov vergi ödəməkdən yayınmış, dələduzluq etmiş, cəmiyyətin digər üzvlərinə hədə qorxu gəlmiş, başqalarının səlahiyyətlərini mənimsəmişdir.
Qeyd edirəm ki, 30 iyun 2021-ci il tarixində guya keçirilən “AVTO-QARANT” ASC-nin səhmdarlarınını yığıncağında nümayəndəm və vəkilim Kənan İsmayılov və KİV iştirak etdiyi bu zaman bir daha Ədalət Bağırov ASC-nin Nizamnaməsini, mövcud qanunvericiliyin tələblərini digər şəxslərlə birgə hansı qaydada pozmasının videoçəkilişi prokurorluq orqanlarına təqdim edilmişdir. Eyni hal, yəni Ümumi Yığıncağın saxtalaşdırılması, vəzifə səlahiyyətlərinin aşması faktlarını 30 iyun 2022-ci il tarixinə təyin olunmuş iclasa KİV iştirakı ilə gəldiyim iclasda bir daha şahidi olduq. Belə ki, indiyə kimi yığıncaqların qərar və protokollarının hansı qaydada saxtalaşdırırdılarsa bütün bunları yenə açıq şəkildə etdilər. Buna dair video çəkilişi də Sizin diqqətinizə çatdırıram.
Bütün bu hallardan bir daha aydın olur ki, Ədalət Bağırov son 12 ildə bütün yığıncaqları bu qaydada qanunsuz şəkildə keçirib “özünə lazım olan qaydada” sənədləşmələr aparıb, dövlət orqanlarını aldadıb, saxta hesabatları təsdiq etdirib.
Videoda görünən digər şəxslərin də yol verdikləri qanun pozuntularını 7 iyun 2022-ci il tarixdə Şəmkir rayon prokurorluğunda vətəndaş qəbulu keçirən Baş Prokuror cənab Kamran Əliyevə şəxsən təqdim etmişəm. Ortada açıq-aşkar hüquqverici sənədlərin saxtalaşdıraraq, Müşahidə Şurasının, İdarə Heyətinin, Təftiş Komissiyasının üzvlərini kağız üzərində “seçib, təyin edən” həm də səhmdar cəmiyyətin küllü miqdarda gəlirlərinin mənimsənilməsində iştirak edənlərin cinayət əməlləri olduğu halda Xətai rayon prokurorluğu “mülki işdir” deyərək əslində cinayətkar dəstəni himayə edib, indi də bu işi Baş Prokurorluq həyata keçirməklə məşğuldur.
Bir daha bəyan edirəm ki, Ədalət Bağırovun cinayət əməlləri haqqında ətraflı araşdırılma aparılması və onunla birgə cinayətkar şəxslərin məsuliyyətə cəlb edilməsi barədə Baş Prokuror cənab Kamran Əliyevdən səlahiyyətlərindən istifadə etməyi xahiş edirəm..
Yaxın günlərdə şikayətlərimizlə bağlı Baş Prokurorun söz verdiyi kimi bütün olub keçən “araşdırmalar” baş prokurorluqda bizim iştirakımızla qanuni həllini tapmasa 110 səhmdarlarla birlikdə Baş Prokurorluğun qarşısında davamlı piket təşkil edəcəyik.
İndiyə qədər şikayətlərimizin araşdırılmamasından belə anlaşılır ki, mən hüquq-mühafizə orqanlarında rüşvət vermədiyimə görə qanunu şikayətlərim ört-basdır ediləcək? Hüququmu qorumaq üçün ölkəmizdə və xaricdə olan kriminal dairələr vasitəsi ilə həll olunması üçün “qanuni oğrulara” müraciət etməliyəm? Belədirsə, elə sizin vasitənizlə buradan onlara müraciət edirəm ki, Azərbaycanda mənə vurulmuş zərəri “öz metodlarınızla” alın və alınacaq vəsaitlərin 50%-ni sizə halal edirəm.
Əlavə videomateriallar:
1.https://www.youtube.com/watch?v=8SppAlS5Syk&t=13s
2.https://www.youtube.com/watch?v=vOvmezxRmXQ
İmza: Bəydəmirli Nazim