Qazi intiharlarına niyə hüquqi qiymət verilmir, - Səbəbi nədir?

 

Daha bir Qarabağ qazisi “dövlət təhqiri”nə , içdən sındırılmaya dözmədi, özünə qıydı. Tanrı bu ölümü şəhidliyə yazar, yəqin. Nədən bu ölüm düşmənə əsir düşməməkdən yana başına güllə sıxmaq, özünü qumbara ilə partlatmaqla şəhidlik zirvəsinə ucalmaqdır. Qazi Elvin Zakir oğlu da ölümü təhqirə - sındırılmağa əsir – girov düşməkdən üstün tutdu, şəhid oldu!

Dövlət(mi?) məmurları qutsal QAZİ adı daşıyan şəxsin özünə qıymasını psixi problemlərlə bağlayıb. Nə qədər abırsız olasan ki, Vətən yolunda, millət yolunda “DƏLİ” olan qazini “psix” elan edəsən? ! Məmməd İsmayıl demiş, boğazı ucundan baş yozan icra başçısı, ELVİN ZAKİR OĞLU CƏFƏROV sənin, mənim , Vətənin uğrunda DƏLİ OLUB! Hələ də bunu anlamırsansa, özün kürsünü yandır! Qazinin canı sənin kürsündən niyə aşağı olsun ki?!

O biri məmur da öləndən sonra şəhidin şişirdilmiş gəlirini sayır! Qazinin belə psixi problemi vardısa, niyə ona ən aşağı dərəcə əlillik təyin olunub? Üç gün qabaq – 7 iyulda ala bilmədiyi maddi yardım formasında (?) aylıq 356 manat sosial ödənişlə təmin olunma, ailə üzvlərinin məşğulluq pulu, 120 manatlıq müavinət, 300 manatlıq Prezident təqaüdü QAZİNİN böyük ailəsinin problemini çözür? İndi şəhid olandan sonra aylıq 958 manat ŞƏHİD QAZİNİN ailəsinə təyin olunacaqmı? Saxta qayğı, şişirdilmiş rəqəmlərlə yaşayış olmur axı!

Bir ölkədə ki, Sosial Xidmətlər Agentliyi 1-ci dərəcəli Qarabağ qazisinə xidmətdən imtina edə və hüquq mühafizə orqanları , məhkəmələr, Ombudsman bu imtinaya haqq qazandıra, QAZİ özünü öldürməsin də, bəs neyləsin? Məmurlar onda da ölən qazinin proqnozlaşdırılan gəlirini sayacaqlar ki, öz pulu özünə xidmətə çatır?

Ayrıca əlil, şəhid ailəsi, veteran dövlət komitəsinin yaradılması da elə o komitə adına alverdən o yana keçməyəcək. Ondansa ölən qazilərin dövlət dəfn komissiyasının yaradılması daha məqsədəuyğundur.

Qazilərin özlərini öldürmələrinin getdikcə artması ölüm faktına hüquqi qiymət verilməməsindən qaynaqlanır. 9 il qabaq Qarabağ qazisi Zaur Həsənov Konstitusiya Məhkəməsinin qonşuluğundakı AHİK-in binası qarşısında özünü yandırdı, hələ də bu ölümə hüquqi qiymət verilməyib.

Verilsəydi, məmurlar yeni özbaşınalıqlarla qaziləri intihara sürükləməzdi. Uzağa getməyək, Qarabağ qəzasını qazanan 50 – yə yaxın qazinin özünü öldürmə çabasının sonucu olaraq 35 nəfər dünyasını dəyişib. Niyə bu hallara hüquqi qiymət verilməsi təmin olunmur? Əksinə, qaziləri “psixi” problemlərin intihara sürükləməsi legitimləşdirilir.

Hətta qazilərə dəstək olanlar, intihardan çəkindirənlər məhkəməyə çəkilir. Bakı Birlik Təşkilatının sədri, tanınmış jurnalist Abid Qafarovun qaziləri müti olmamağa, intihardan çəkinməyə çağırması, sən demə, hakimiyyətin “şərəf və ləyaqətini” ləkələyib. Ona görə də, jurnalistə qarşı xüsusi ittiham qaydasında cinayət sifarişi verilib.

Halbuki, şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal – təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və ya ayrı-ayrı şəxslər arasında VƏTƏNDAŞ BARƏSİNDƏ mənfi rəy yaradan məlumatlar başa düşülür.

(Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin kommentariyası , səhifə 344) Abid Qafarovun müti olmamağa, intihardan çəkinməyə çağırması hansı VƏTƏNDAŞ BARƏSİNDƏ mənfi rəy yarada bilər? Saxta rəylə də məhkəmə həbsi əsaslandıra bilməz.

Nədən LƏKƏLƏYİCİ MƏLUMATLAR KONKRET FAKTLARLA BAĞLI OLMALIDIR. Belə məlumatlar ÜMUMİ XARAKTERLİ İFADƏLƏRDƏN ( məsələn, “O MƏNFƏƏTPƏRƏST ADAMDIR”, “XƏSİS İNSANDIR”, “İNSANLIQDAN UZAQ ADAMDIR” və s. ) ibarət olmamalıdır.

(Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin kommentariyası, səhifə 344) “Və s.” hissəsinə “QAZİ(LƏR) MÜTİ OLMAMALIDIR”, AĞZINI TİKMƏMƏLİDİR, İNTİHAR ETMƏMƏLİDİR” məlumatlarını da biz əlavə edək. Konkret ad çəkilməməsi bir yana, heç ümumi xarakterli ifadələr də LƏKƏLƏYİCİ məlumatlar sayılmır axı! Bu Konstitusiya, bu Qanun, bu da kitab!

Bəlkə elə qazilərin intiharını da jurnalistin, Abid Qafarovun boynuna qoyaq? Hakimiyyətin heç bir suçunun olmamasını icra hakimiyyəti özü qazilərin psixi problemləri ilə bağlayır. Görəsən, konkret qaziyə - şəhidə ünvanlanan “psix” ləkələməsinə, aşağılamasına hüquq qiyməti veriləcək ? Ritorik sual deyil...

Məğrur Bədəlsoy

 

0.15578293800354