Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin kafedra müdiri, professor Cahangir Məmmədlinin “525-ci qəzet”- in 25 illik yubileyinə həsr olunmuş kitabı nəşrə hazırlanıb.
Cahangir Məmmədli kitabla bağlı suallara və maraqlı məqamlara Modern.az-a müsahibəsi zamanı aydınlıq gətirib.
- Cahangir müəllim, necə oldu ki, qəzetin yubileyi ilə bağlı kitab yazmaq qərarına gəldiniz?
- Təxminən may ayında söhbət zamanı məlum oldu ki, “525-ci qəzet”-in 25 illiyidir. Mən ani ortaya çıxan söhbətdən bir az narahat oldum. Çünki o qəzet yarandığı gündən mən həmin qəzetin kollektivi ilə, redaksiyası ilə bir yerdə olmuşam. Xüsusilə Rəşad Məcid qəzeti hazırlayanda birinci dəfə onun layihəsini yanıma gətirib mənlə məsləhətləşdi. Mən də baxdım və gözəl bir layihə olduğunu dedim. Rəşad Məcid çox istedadlı bir jurnalistdir. Bu qəzetə qədər bir sıra media orqanlarında işləyib. Beləliklə bu qəzetin ideyası meydana gəldi və 1992-ci il noyabrın 17-də ilk nömrəsi çapdan çıxdı. Qəzetin 25 yaşının tamam olması mənim üçün çox maraqlı fakt oldu. Çünki mən qəzetin 7 illik, 10 illik və 20 illik yubileylərində iştirak eləmişəm. Hər dəfə görürdüm ki, Azərbaycanın ən ümdə, ən möhtəşəm ziyalıları bu tədbirdə iştirak edir və bu qəzetə çox yüksək qiymət verirlər. Ona görə birdən belə bir şey ağlıma gəldi ki, qəzetin 25 illiyi ilə bağlı bir kitab hazırlamaq olar.
- Kitabda kimlərin yazıları dərc olunacaq?
- “525-ci qəzet”-in əksər nömrələrində, xüsusilə sentyabr-oktyabr aylarında mənim layihəm əsasında belə bir elan getdi:
““525-ci qəzet”in 25 illiyi münasibəti ilə Bakı Dövlət Univerisitetinin professoru Cahangir Məmmədli xüsusi nəşr layihəsi hazırlayır. Həmin layihə əsasında redaksiyamıza göndərilən yazılar ayrıca kitab halında çap ediləcək və həmin yazılar qəzetin nömrələrində də dərc olunacaq”.
Layihə qəzet səhifələrində görünən kimi “525-ci qəzet”-ə çox sayda yazı gəldi. Birinci yazı yazıçı Anara məxsusdur. İkincisi isə Elçinə. 3-cüsü Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyliyə, 4-cü isə Azərbaycan Dövlət Pedoqoji Universitetinin kafedra müdiri Himalay Qasımova aiddir. Təxminən 7-8 nəfər akademik, bir neçə nəfər yazıçı, 6-7 nəfər akademiyanın müxbir üzvü, 10 nəfər elmlər doktoru, professor, 10 nəfər elmlər namizədi, dosent yazı göndərmişdi. Bu hesabla 50-dən çox yazı redaksiyaya daxil oldu. Yazılar qəzet səhifələrində də getdi. Çatdıra bilmədiklərimizi də kitab halında nəşr etməyi qərara aldıq. Beləliklə belə bir kitab meydana gəldi. Adı isə belə oldu: “525-Zamanın sınağında”
- Yazılarda daha çox nələrdən bəhs olunur?
- O yazılar təkcə təbrik məktubları deyil, o yazılarda gənc jurnalistlərə jurnalistikanın sirrləri təlqin olunur. Redaktor necə olmalıdır? Jurnalistikanın hansı yaradıcılıq prinsipləri var? və s. Çünki o yazıları yazan alimlər, sənətkarlar hamısı jurnalistikanı, publisitikanı, ədəbiyyatı bilən və o sahədə elmi cəhətdən öz əsərləri olan adamlardır. Ona görə o yazılar çox qiymətli yazılardır. Mən kitaba 200 səhifəlik elmi oçerk yazdım. “525-ci qəzet”-in fəaliyyət sahəsi, onun mövzu dairəsi, əməkdaşları və bügünə qədər gəlib keçdiyi yollar haqqında 200 səhifəlik yazıdır. Onun ardınca redaksiyaya göndərilən böyük qələm sahiblərinin yazıları gəlir.
- Kitabı əldə etmək istəyənlər hara və ya kimə müraciət etməlidir?
- İndiyə qədər mənim 15 kitabım çıxıb və heç birini satışa qoymamışam. Bu kitab da satışda olmayacaq. Tələbələrimə, redaksiyanın kollektivinə, yazısı gedən müəlliflərə, qalanları isə kafedraya kim gəlib müraciət etsə onlara veriləcək. Əldə etmək istəyən mənə müraciət edə bilər. Kitabın tirajı o qədər də çox deyil. Tirajı bitənə qədər istəyənə hədiyyə edəcəyəm.
- Kitabın təqdimatı nə zaman və harada keçiriləcək?
Təqdimat 17 Noyabrda, universitetdə olacaq. Açılışı rektor Abel Məhərrəmov edəcək. Kitabda Abel müəllimin də “525-ci qəzet” haqqında yazısı dərc olunub. Yazının sərlövhəsi belədir: “525-ci qəzetin universitet sevgisi” . Bu qəzetin universitet sevgisi var, ona görə ki ən azı bu qəzetin yaradıcı heyətinin əksəriyyəti BDU-nun Jurnalistika fakültəsini bitirib. İkincisi isə onlar Azərbaycançılıq, milli mənafe və ictimai maraqları ifadə edən qəzet kollektividir. Abel müəllim də ictimai marağa xidmət edən, vətən sevgisi ilə yaşayan mətbuat orqanını və jurnalisti çox yüksək qiymətləndirir. Ona görə tədbirdə iştirak etməyə hətta açılışı özü etməyə söz verdi.