Şabranın Ağalıq bələdiyyəsindəki qanunsuzluqlar ifşa olundu

 
Xaçmaz regional ədliyyə idarəsinin rəisi Rasim Məlikov: “Ağalıq bələdiyyəsi tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq bələdiyyənin ehtiyat fondundan kənd təsərrüfatı məhsullarının istehsalı üçün mübahisələndirilən 0.30 ha torpaq sahəsi də daxil olmaqla cəmi 0.50 ha torpaq sahəsi Bakı şəhər sakini Hüseynov Hüseyn Rəhim oğlunun istifadəsinə verilib”

Etiraf edək ki, neqativ hallara qarşı dövlət səviyyəsində sistemli şəkildə mübarizə aparılır. Hətta prezident səviyyəsində belə, dəfələrlə dövlət məmurlarına xəbərdarlıq edilib, onlardan qanunsuz əməllərinə son qoyulmaları tələb olunub. Hətta bir sıra məmurların törətdiyi qanunsuzluqlara görə həbs olunması, tutduğu vəzifədən azad edilməsi halları da kifayət qədərdir. Bununla belə, sözügedən problemin aradan qalxdığını düşünmək də doğru olmazdı. Çünki Şabran rayonu Daşlıyataq kənd sakini Bağırov Şıxseyid Məmmədrza oğlunun redaksiyamıza daxil olan şikayəti də məhz bu qəbildəndir.

Bir müddət öncə Şabran rayonu Daşlıyataq kənd sakini Bağırov Şıxseyid Məmmədrza oğlunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Zahir Əlizadəyə ünvanlı şikayət ərizəsini dərc etmişdik. 

Şikayətçi Ş.Bağırov ərizəsində ailəli, üç övlad atası, eyni zamanda himayəsində 68 yaşlı subay xəstə bacı olduğunu qeyd etmişdi. Şikayət ərizəsində daha sonra deyilirdi: “2012-ci ildə kəndimizin mal-qarası üçün nəzərdə tutulan örüş yerindən 30 sot torpağın mənə verilməsini Ağalıq bələdiyyəsinin sədri Natiq Musayevdən xahiş etdim. Təbii ki, kənd əhalisinin razılığı ilə. Əvvəlcə Natiq Musayev mənə “Sənə sənəd verə bilmərəm. Ora örüş yeridir. Sadəcə, oranı təmizləyib əkib-becərə bilərsən” dedi. Mən də həyat yoldaşım, xəstə bacım və oğlumla birlikdə həmin ərazini daş-kəsəkdən, kol-kosdan, alaqdan təmizləyib taxıl əkdim. Bu minvalla 3 il həmin ərazidə taxıl, bostan-tərəvəz məhsulları əkib becərdim. 

Ailəm böyük, özüm isə şəkər xəstəsiyəm. Üstəlik də, qızımın ailəsi, onun azyaşlı uşaqları da mənim himayəmdədir. 

Bu yaxınlarda kəndimizdə yaşayan Ağalıq bələdiyyəsinin üzvü Rüstəm Quliyev məni cağırıb dedi ki, “sən əkdiyin yeri Natiq Musayev Bakıda yaşayan Hüseyn Hüseynov adlı bir nəfərə satıb”. Dedim, ola bilməz, əvvəla, ora örüş yeridir, bir də ki, mən oranı min bir əziyyətlə təmizləmişəm. Orada mənim, ailə üzvlərimin, xəstə bacımın alın təri var. Natiq Musayev belə insafsızlıq etməz. 

Sonra bələdiyyə sədri Natiq Musayevin qəbulunda oldum. Natiq Musayev mənə elə münasibət göstərdi ki, getməyimə də peşman oldum. Dedi ki, “torpaq mənimdir, özüm bilərəm, kimə sataram, kimə hədiyyə verərəm. Get, kimə istəyirsən, şikayət elə”. 

Mən Natiq Musayevə çox yalvardım, lakin o, inadından əl çəkmədi. Sonra təkrar yenə Natiq Musayevin qəbuluna getdim, ona ailə vəziyyətimin ağır olduğunu söylədim. Yeganə dolanışıq yerimiz olan həmin ərazini məndən almamağı xahiş etdim. O, əvvəlcə mənə hədə-qorxu qəldi. Ona cənab prezidentimizin “Butun məmurlar xalqın xidmətçiləridir” sözlərini xatırlartdım. O isə mənə cavabında “prezident elə sözləri çox deyib, xeyri yoxdur” dedi. Sonra da dedi ki, “mənim arxamda Tahir Süleymanov kimi deputat dayanıb. Qapını çöldən bağlı, çıx get, öz işinlə məşğul ol”. Mən də kor-peşman evə qayıtdım. Evdə ailəmin üzünə baxa bilmədim. Həyatımda ilk dəfə olaraq onların qarşısında öz gücsüzlüyümü, kimsəsizliyimi hiss etdim!

Hörmətli cənab Prezident!

Hörmətli Mehriban xanım!

Hörmətli cənab rəis!
 


Mən Sizdən vəzifə, var-dövlət, yardım istəmirəm! Sizdən bələdiyyə sədri Natiq Musayevin qanunsuz olaraq başqasına satdığı becərdiyim torpaq sahəsini istəyirəm, özüm əkib-becərim, ailəmi dolandırım. Əgər son ümid yerim olan həmin torpaq sahəsi əlimdən alınarsa, mənim və ailəmin yaşamaq ümidi olmayacaq. Görəsən, dövlətin torpağını öz şəxsi mülkü hesab edən Ağalıq bələdiyyəsinin sədri Natiq Musayevə “dur!” deyən tapılacaqmı?! Doğrudanmı o, deputat Tahir Süleymanova arxalanaraq mənim əkib becərdiyim torpağı Bakıda yaşayan Hüseyn Hüseynov adlı şəxsə satıb?! Bəlkə də heç bələdiyyə sədrinə havadarlıq edən deputat Tahir Süleymanovun onun bu hərəkətlərindən xəbəri yoxdur. Xahiş edirəm, üzləşdiyim bu haqsızlığa son qoyulmasına kömək edəsiniz.

Yeri gəlmişkən onu da deyim ki, Natiq Musayev bələdiyyədə mühasib işləyən Tahir Şükürovun bacısı oğludur. Eləcə də Sabran RİH-nin arxitektoru Eldəniz Şükürov Natiq Musayevin dayısı oğludur. Belə ki, bunlar Sabran rayonunda vəzifələri nəsilliklə zəbt ediblər. Mənim günahımdırmı ki, vəzifədə çalışan kimsəm yoxdur?! Bəlkə mənim heç yaşamağa haqqım yoxdur?! Xahiş edirəm, mənə kömək edin!”

***

Məsələ ilə əlaqədar Ağalıq bələdiyyəsinin sədri Natiq Musayevlə telefon əlaqəsi saxladıq. Bələdiyyə sədri şikayətin əsassız olduğunu bildirdi. 

***

Şabranın Ağalıq bələdiyyəsindəki qanunsuzluqlar ifşa olundu Bu günlərdə Şabran rayonu Daşlıyataq kənd sakini Bağırov Şıxseyid Məmmədrza oğlu redaksiyamıza yenidən müraciət edib. Ş.Bağırov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Zahir Əlizadəyə şikayət ərizəsi göndərdikdən sonra Şabran rayon İcra Hakimiyyətindən və Xaçmaz regional ədliyyə idarəsindən məktub alıb. Lakin Ş.Bağırovun etdiyi şikayətlə bağlı verilən cavablar onu qane etməyib. 

Doğrudan da Ş.Bağırovun redaksiyamıza təqdim etdiyi sözügedən məktubları gözdən keçirdikdən sonra bu qənaətə gəlmək olur ki, şikayətlə əlaqədar araşdırma Şabran rayon İcra Hakimiyyətində tez-tələsik və başdangetdi aparılıb. Məsələnin ən ilginc tərəfi isə budur ki, şikayətçi Ş.Bağırova gələn məktublarda iki dövlət qurumunun rəsmi mövqeyi bir-birini təkzib edir! Sözügedən məktublarla tanışlıqdan sonra sizlər də bunun şahidi olacaqsınız...

Sabran RİH-nin vətəndaşa başdansovdu cavab məktubu...

Şabran rayonu Daşlıyataq kənd sakini Bağırov Şıxseyid Məmmədrza oğlunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanladığı müraciəti Şabran RİH-nin başçısı Aparatında araşdırılıb. 

Bunu Şabran RİH başçısının müavini - Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Natəvan Mustafayevanın Şabran rayonunun Daşlıyataq kənd sakini Bağırov Şıxseyid Məmmədrza oğluna göndərdiyi 2 oktyabr 2017-ci il tarixli məktubunda bildirir: “Müraciətinizdə uzun müddətdir istifadə etdiyiniz, Ağalıq bələdiyyəsinə məxsus torpaq sahəsinin başqasına verildiyini bildirir, sözügedən torpaq sahəsinin istifadənizə qaytarılmasına köməklik göstərilməsini xahiş etmişsiniz.
Bildiririk ki, sözügedən torpaq sahəsi qanunamüvafiq olaraq əslən Daşlıyataq kəndindən olan Hüseynov Hüseyn Rəhim oğluna icarəyə verilmişdir. H.Hüseynov öz növbəsində dövlətin iqtisadi-inkişaf planına uyğun olaraq həmin torpaq sahəsində fındıq bağı salmışdır. 

Qeyd edək ki, siz sözügedən torpaq sahəsinin bir neçə il istifadənizdə olmasını bildirən heç bir sənəd təqdim edə bilməmisiniz və tərəfinizdən həmin torpaq sahəsini icarəyə götürmək məqsədi ilə bələdiyyəyə rəsmi müraciət edilməmişdir. (Məktuba Ağalıq bələdiyyəsinin arayışı əlavə olunur)”. 

SİTAT 1: Şabran RİH başçısının müavini - Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Natəvan Mustafayeva: “Bildiririk ki, sözügedən torpaq sahəsi qanunamüvafiq olaraq əslən Daşlıyataq kəndindən olan Hüseynov Hüseyn Rəhim oğluna icarəyə verilmişdir. H.Hüseynov öz növbəsində dövlətin iqtisadi-inkişaf planına uyğun olaraq həmin torpaq sahəsində fındıq bağı salmışdır”. 

Ağalıq bələdiyyəsi sədrinin “canqurtaran” arayışı...

Ağalıq bələdiyyəsinin sədri Natiq Musayev Şabran RİH-nin şifahi sorğusuna cavab olaraq Şabran rayonu Daşlıyataq kənd sakini Bağırov Şıxseyid Məmmədrza oğlunun Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə ünvanladığı müraciətinə əsasən bildirir ki, vətəndaş kənd təsərrüfatı məhsullarının yetişdirilməsi və ya qeyri-təyinatlı torpaq sahəsinin icarəyə götürülməsi məqsədilə Ağalıq bələdiyyəsinə rəsmi və şifahi heç bir müraciət etməyib, Ş.Bağırovun onun qəbulunda olması, bələdiyyəyə müraciət etməsi yalan və əsassızdır. 

Bələdiyyə sədri arayışında daha sonra yazır ki, aqrar islahat zamanı Bağırov Şıxseyid Məmmədrza oğlu və ailə üzvlərinə JN-012 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 3.90 ha torpaq sahəsi verilib: “Şıxseyid Bağırov ona və ailə üzvlərinə verilmiş pay torpaqlarını Bakı şəhər sakininə satmışdır. Sual yaranır: Ş.Bağırovun torpaq sahəsini əkib becərməyə bu qədər ehtiyacı olduğu halda, xəstə bacısı və ailə üzvlərinə məxsus pay torpaq sahəsini niyə satıb?

Bildiririk ki, hal-hazırda Daşlıyataq kəndində Bağırov Şıxseyid Məmmədrza oğluna məxsus 0.14 ha həyətyanı və 0.14 ha zəbt, cəmi: 0.28 ha torpaq sahəsi vardır. Vətəndaş 0.28 ha həyətyanı torpaq sahəsindən kənd təsərrüfatı məhsullarının yetişdirilməsində istifadə edə bilər. Ağılıq bələdiyyəsinin Quliyev Rüstəm Yusif oğlu adlı bələdiyyə üzvü yoxdur.

Sözügedən torpaq sahəsi 0.50 ha olmaqla əslən Daşlıyataq kəndindən olan Hüseynov Hüseyn Rəhim oğluna icarəyə verilmişdir. Vətəndaş həmin torpaq sahəsində Prezidentin tövsiyəsinə əsasən fındıq bağı salmışdır”. 

SİTAT 2: Ağılıq bələdiyyəsinin sədri Natiq Musayev: “Sözügedən torpaq sahəsi 0.50 ha olmaqla əslən Daşlıyataq kəndindən olan Hüseynov Hüseyn Rəhim oğluna icarəyə verilmişdir. Vətəndaş həmin torpaq sahəsində Prezidentin tövsiyəsinə əsasən fındıq bağı salmışdır”. 

Xaçmaz regional ədliyyə idarəsi rəisinin Ağılıq bələdiyyəsindəki qanunsuzluqları təsdiqləyən məktubu

Ş.Bağırova Xaçmaz regional ədliyyə idarəsinin rəisi, baş ədliyyə müşaviri Rasim Məlikovun imzası ilə göndərilən 18 oktyabr 2017-ci il tarixli məktubunda bildirilir ki, onun istifadəsində olan 0,30 ha torpaq sahəsinin Şabran rayonu Ağalıq bələdiyyəsi tərəfindən digər şəxsə verilməsi barədə müraciətinə Xaçmaz regional ədliyyə idarəsində baxılıb. R.Məlikovun yazdığına görə, müraciət şikayətçinin və Ağalıq bələdiyyəsinin sədri N.Musayevin birgə iştirakı ilə araşdırılıb. 

Araşdırma zamanı Ağılıq bələdiyyəsinin sədri Natiq Musayev regional ədliyyə idarəsində verdiyi izahatında qeyd edib ki, Ş.Bağırovun iddia etdiyi 0.30 ha torpaq sahəsi örüş təyinatı deyil, bələdiyyənin inkişaf fonduna aid kənd təsərrüfatı məhsullarının istehsalına yararlı olan 0,50 ha torpaq səhəsidir.

Həmçinin, Ağalıq bələdiyyəsinin sədri N.Musayevin müraciətlə əlaqədar regional idarəyə təqdim etdiyi sənədlərə əsasən müəyyən olunub ki, Ağalıq bələdiyyəsi tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq bələdiyyənin ehtiyat fondundan kənd təsərrüfatı məhsullarının istehsalı üçün mübahisələndirilən 0.30 ha torpaq sahəsi də daxil olmaqla cəmi 0.50 ha torpaq sahəsi Bakı şəhər sakini Hüseynov Hüseyn Rəhim oğlunun istifadəsinə verilib.

Belə ki, sözügedən torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququna dair DƏDRX-də çıxarış alınmadan hərrac və ya müsabiqə keçirilmədən 11 aylıq mövsümi icarə müqaviləsi əsasında birbaşa Hüseynov Hüseyn Rəhim oğlunun icarəsinə verilib.

Ona görə də Xaçmaz regional ədliyyə idarəsinin rəisi R.Məlikovun məktubunda bildirilir ki, Ağalıq bələdiyyəsinin sədri N.Musayevə qanunvericiliyin tələblərinə zidd əməllərinə son qoymaq üçün müvafiq tövsiyələr göndərilib: “Bildiririk ki, qeyd edilən torpaq sahəsinin istifadəyə verilməsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası qanununa və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin tələblərinə zidd olduğundan icarə müqaviləsi ləğv edilməklə həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə geri qaytarılması barədə tərəfimizdən Ağalıq bələdiyyəsinə müvafiq tövsiyə məktubu göndərilmişdir.

Əlavə olaraq bildiririk ki, sizin qanunvericiliyin tələbləri nəzərə alınmaqla məqsədli təyinatı üzrə torpaq sahəsi ayrılması barədə Ağalıq bələdiyyəsinə rəsmi olaraq müraciət etdiyiniz təqdirdə bələdiyyənin həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması proseduru başa çatdıqdan sonra hərras və ya müsabiqədə iştirak etmək yolu ilə qeyd olunan torpaq sahəsini icarəyə götürə bilərsiniz”.

SİTAT 3: Xaçmaz regional ədliyyə idarəsinin rəisi Rasim Məlikov: “Ağalıq bələdiyyəsinin sədri N.Musayevin müraciətinizlə əlaqədar regional idarəyə təqdim etdiyi sənədlərə əsasən müəyyən olunmuşdur ki, Ağalıq bələdiyyəsi tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq bələdiyyənin ehtiyat fondundan kənd təsərrüfatı məhsullarının istehsalı üçün mübahisələndirdiyiniz 0.30 ha torpaq sahəsi də daxil olmaqla cəmi 0.50 ha torpaq sahəsi Bakı şəhər sakini Hüseynov Hüseyn Rəhim oğlunun istifadəsinə verilmişdir.
Belə ki, sözügedən torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququna dair DƏDRX-də çıxarış alınmadan hərrac və ya müsabiqə keçirilmədən 11 aylıq mövsümi icarə müqaviləsi əsasında birbaşa Hüseynov Hüseyn Rəhim oğlunun icarəsinə verilmişdir”.

Halbuki Şabran RİH başçısının müavini - Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Natəvan Mustafayeva sözügedən torpaq sahəsinin qanunamüvafiq olaraq əslən Daşlıyataq kəndindən olan Hüseynov Hüseyn Rəhim oğluna icarəyə verildiyini və H.Hüseynovun dövlətin iqtisadi-inkişaf planına uyğun olaraq həmin torpaq sahəsində fındıq bağı saldığını yazır. 

Əgər sözügedən torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququna dair DƏDRX-də çıxarış alınmadan hərrac və ya müsabiqə keçirilmədən 11 aylıq mövsümi icarə müqaviləsi əsasında birbaşa Hüseynov Hüseyn Rəhim oğlunun icarəsinə verilibsə, burada fındıq bağı salmaqdan söhbət gedə bilərmi? Müqavilənin nə qədər gülünc olduğu göz qabağındadır! Belə çıxır ki, 0.50 ha torpaq sahəsi H.Hüseynova ya satılıb, ya da uzunmüddətli icarəyə verilib. Əgər belədirsə, niyə bələdiyyə sədrinin arayışında 11 aylıq mövsümi icarəyə verildiyi bildirilir?! 

***

Sözügedən məktublara münasibət bildirən Ş.Bağırov əməkdaşımıza açıqlamasında deyib: “Ağalıq bələdiyyəsinin sədri Natiq Musayevin Şabran RİH-nin şifahi sorğusuna cavab olaraq göndərdiyi arayışda və qarşı tərəfin cavab məktubunda yazılanlar cəfəng fikirlərdir. Sadəcə, yol verdikləri qanunsuzluqları ört-basdır etməyə çalışırlar. Yaxşı ki, Xaçmaz regional ədliyyə idarəsi Ağalıq bələdiyyəsində yol verilmiş qanunsuzluqları ifşa etdi. Daha bu haqda heç bir şərh verməyə ehtiyac yoxdur. Mən şikayətimdə nə demişəmsə, həmişə təsdiq etməyə hazıram və sona kimi haqqımı tələb edəcəyəm”. 

Biz də mətbuat olaraq belə düşünür və hesab edirik ki, Xaçmaz regional ədliyyə idarəsi tərəfindən Ağalıq bələdiyyəsinin işində aşkarlanan qanunsuzluqlar aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən araşdırılacaq və günahı olanlara qarşı ciddi tədbir görüləcək.

Məsələ ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.
 
Mənbə.Tezadlar.az
0.16692304611206