Zülfüqar Hüseynzadə : “Azərbaycanda 1 nömrəli sayt Moderator.az-dı”

 

Bu gün Moderator.az saytının yaranmasının 5 ili tamam olur. Saytın baş redaktoru Zülfüqar Hüseynzadə Modern.az-ın əməkdaşı ilə söhbətləşib.

 - Zülfüqar müəllim, necə oldu ki, Moderator.az saytı yarandı? Və nəyə görə Moderator.az?
 - Saytın adını təsadüfən seçmişəm. Saytın yaranaması Amerikadakı prezident seçkiləri ərəfəsinə təsadüf edirdi, gecə saat 4-ə qədər dünyanın öndə gedən televiziyalarını izləyirdim. Ad fikirləşdiyim halda tədbirin moderatoru prezidentliyə namizədlərə vaxt verirdi. O zaman fikirləşdim ki, sayt üçün ən uyğun ad moderator olar. Moderator, öncül, reqlament qoyan, istiqamət verən deməkdir.  Çox şükür ki, 5 il ərzində ictimai-siyasi həyatın ayrılmaz hissəsi olduq, xəbər istehsalçılığı sahəsində öz sözümüzü dedik. Bizi ilk gündən izləməyə başladılar, böyük oxucu kontingenti qazandıq. Bu yol çox çətin oldu. Azərbaycanda sayt işində, xəbər istehsalı sahəsində çalışmaq asan deyil, cəfası səfasından çoxdur. Amma düşünürəm ki, qarşıya qoyduğumuz məqsədə nail olduq. Təbii ki, bu son deyil, ciddi rəqabət mühitində yaşayırıq, ona görə gecə-gündüz çalışmağa məcburuq. Bəzən məndən soruşurlar ki, sizin iş qrafikiniz necədir? Mən deyirəm ki, növbətçi aptek kimi həftənin 7 günü, günün 24 saatı işləyirik. Çətin olsa da, millətlə, xalqla işləmək şərəflidir.

 

- Moderator.az-da daha çox hansı tipli xəbərlərə üstünlük verilir?

 

 - Moderator.az-da xəbərlərin çeşidlənməsi yoxdur. Demək olar ki, dünyanın hər yerindən, hər cür oxucunun zövqünü oxşayacaq xəbərlər yaymağa üstünlük veririk. İctimai-siyasi, sosial həyatdan, regionlardan, dünyadan, maraq dünyasından yazırıq. Mən təkcə jurnalist deyiləm, siyasətin içindən gəlmiş adamam. Ona görə çalışırıq ki, daha fərqli məlumat axtaraq ki, insanlar bezməsin, maraqla saytı oxumağa davam etsinlər. Həmin o axtarışları qarşılamaq üçün demək olar ki, bütün peşə sahiblərinin, fərqli dünyagörüşə, psixologiyaya sahib insanların zövqünə uyğun olan xəbərlər veririk. Hətta buna görə dostlar irad da bildirir. Bu iradları səmimi qəbul etsək də, əsaslı qəbul etmirik.

- Saytınızı digər saytlardan fərqləndirən özəllik nədir?

 - Biz Moderator.az olaraq fərqləndirici bir şey axtarışında deyilik. Bizim kimsədən fərqli olmaq kimi bir dərdimiz yoxdur. Başımızı aşağı salıb öz işimizlə məşğul oluruq. Ölkənin bütün əhalisini, iqtidarlı müxalifətli, ictimai fəaliyyətindən, siyasi görüşündən asılı olmayaraq hər kəsin zövqünə uyğun, hər kəsin oxumaq istəyəcəyi bir sayt yaratmağı istəyirdik və buna da nail olmuşuq. Mən düşünürəm ki, Azərbaycanda medianın müstəqilliyindən söz gedərsə,  Azərbaycanda 1 nömrəli sayt Moderator.az-dı. Amma təbii ki, müstəqillik də nisbidir, müstəqilliyimizin müəyyən sərhədləri var. Elə şeylər var ki, istədiyimizi yaza bilmirik, saytımızın elektron ünvanına göndərirlər. Onların bəzisini vermək istəyirik, amma verə bilmirik. Burada müəyyən məsələlər var, ölkənin maraqları var, şərtlər var ki, o şərtlərə uymalısan. Bütün bunlara baxmayaraq, ölkədə hərkəsin oxuyacaqğı, hərkəsin üz tutacağı, öz problemlərini işıqlandırmaq üçün müraciət edəcəkləri bir sayt yaratmışıq, mən belə düşünürəm.

 - Saytı açmaqla bağlı qərar aldığınızda, kimsə bunun uğursuz olacağı barədə fikirlər irəli sürdümü?


 - Mən hələ 2000-ci ildə bir mətbuat konfransında demişdim ki, “jurnalistikaya azıb gəlmişəm, amma gəlib gördüm ki, məndən başqa jurnalistikada kimsə yoxdur”. Bu Rəsul Həmzətovun məşhur bir sözüdür. Deməkdə məqsədim odur ki, mən 1988-ci ildən siyasətin içində olan adamam, 20 ilə yaxın jurnalist təcrübəm var, “Hürriyət” qəzetində köşə yazarı olmuşam, redaktor olmuşam, parlament müxbiri olmuşam. Mən medianın incəliklərini az-çox bilirdim. Qələm əhlinin də psixologiyasına, cəmiyyətimizin də oyun qaydalarına bələd idim. İnanırdım ki, mən özümü təsdiq edə biləcəm. Belə bir dərdim yox idi, istər ad seçilməsi məsələnin mahiyyətini dəyişməzdi, başqa bir ad da ola bilərdi. Qeyri-təvazökarlıq olsa da deyim ki, mən imzamı təsdiq etmişdim və məni kifayət qədər tanıyırdılar. Belə bir xarakteristikalı adamın növbəti bir işdə uğur qazanacağı gözlənilən idi. 

0.23594307899475